CƏMİYYƏT
ANAMA-nın mütəxəssisləri Tərtərdə qrad raketinin mühərrik hissəsini aşkarlayıblar VİDEO
Bakı, 16 iyun, AZƏRTAC
İyunun 16-da beş ev və həyətyanı sahəyə, 7 əkin sahəsinə, 19 partlayış yerinə baxış keçirilib. Tərtər rayonunun Cəmilli kəndində bir partlamamış hərbi sursat - “9M22U” qrad raketinin mühərrik hissəsi aşkar edilərək götürülüb. Gün ərzində 50 min 440 kvadratmetr ərazi minalardan təmizlənib.
Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) iyunun 16-da Füzuli, Ağdam və Tərtər rayonlarında aşkarlanmış partlamamış hərbi sursat barədə yaydığı hesabatda bildirilir.
ANAMA-nın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Tərtər rayonunun Şıxarx, Ağdam rayonunun Quzanlı, Qaradağlı kəndlərində, Füzuli rayonunun Horadiz şəhərində ev və həyətyanı sahədə, əkin sahəsində, partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib.
Ümumilikdə agentlik tərəfindən aprelin 7-dən iyunun 16-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 610 ev və həyətyanı sahəyə, 2 hərbi hissəyə, 2 kənd qəbiristanlığına, 5 kənd orta məktəbinə, 1 tibb məntəqəsinə, 22 fermaya, əkin sahələrinə və şərab zavodu ərazisinə baxış keçirilib. Nəticədə 1532 partlamamış hərbi sursat, piyada əleyhinə 14, o cümlədən 3 “POMZ-2” və tank əleyhinə 8 mina aşkarlanaraq zərərsizləşdirilib.
Hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qruplar minaaxtaran itlərlə təmas xəttinin yaxınlığındakı kəndlərdə evlərin, məktəblərin və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.