CƏMİYYƏT


ANAMA-nın mütəxəssisləri Zaqatala rayonunda raket aşkarlayıblar

Bakı, 22 aprel, AZƏRTAC

Aprelin 22-də saat 12:57-də Dövlət Sərhəd Xidmətindən (DSX) Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Zaqatala rayonunun Uzunqazmalar kəndində bir ədəd mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan AZƏRTAC-a bildirilib ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupunun və DSX-nin əməkdaşları dərhal həmin əraziyə göndəriliblər.

Agentliyin mütəxəssisləri və DSX-nin əməkdaşları əraziyə baxış keçiriblər. Təhlükəsizliyin təmin olunması məqsədilə ərazi sərhədçilər tərəfindən əhatəyə alınıb. Agentliyin mütəxəssislərinin apardıqları təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində dolu əleyhinə raket (SKY Clear 6, LOZA 2) aşkarlanıb. Həmin sursat zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Raketin ətrafında 100 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.