CƏMİYYƏT
ANAMA sentyabrın 27-dən noyabrın 30-dək 1543 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirib VİDEO
Bakı, 30 noyabr, AZƏRTAC
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) 2020-ci il sentyabrın 27-dən noyabrın 30-dək 2061 siqnal (əməliyyat çağırışı) əsasında 1543 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirib. Nəticədə 727 ədəd partlamamış hərbi sursat (PHS), 4330 ədəd piyada əleyhinə mina, 1110 ədəd tank əleyhinə mina, 1643 ədəd partlamış raket hissələri aşkarlanaraq zərərsizləşdirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə ANAMA-nın direktoru Qəzənfər Əhmədov noyabrın 30-da təşkil olunan mətbuat konfransında deyib.
Q.Əhmədov qeyd edib ki, noyabrın 14-də saat 16:30 radələrində Füzuli rayonunun işğaldan azad olunmuş Alxanlı kəndində mülki əhalinin girişi qadağan olunan təhlükəli ərazidə Azərbaycan Respublikası vətəndaşları Əhmədov Yasin Ələsgər oğlu və onun qardaşı 1989-cu il təvəllüdlü Əhmədov Asif Ələsgər oğlu mal-qara otararkən piyada əleyhinə minaya düşüblər. Partlayış nəticəsində Yasin Əhmədov həlak olub, Asif Əhmədov isə ağır dərəcəli bədən xəsarəti alıb. Mülki vətəndaşların təxliyə olunması üçün Agentliyin minaaxtaranları əraziyə cəlb olunub. Təxliyə əməliyyatı zamanı Asif Əhmədov çıxarılıb, Yasin Əhmədovun təxliyəsi zamanı isə Agentliyin minaaxtaranı, ANAMA-nın əməkdaşı Xudiyev Asəf Mürsəl oğlu düşmən tərəfindən basdırılmış piyada əleyhinə minaya düşüb, nəticədə sol ayağı topuq nahiyəsindən amputasiya olunub və çoxsaylı qəlpə yarası alıb.
Bundan başqa, noyabrın 28-də saat 15:10 radələrində Füzuli rayonunun işğaldan azad olunmuş Aşağı Seyidəhmədli kəndində mülki əhalinin girişi qadağan edilən təhlükəli ərazidə mina hadisəsi baş verib. Nəticədə Hacıyev Şakir Məhərrəm oğlu, Hacıyev Firudin Məhərrəm oğlu, Hüseynov Zülfüqar Adışirin oğlu və Adilzadə Zibeydə Şakir qızı hadisə yerində həlak olublar. Bu barədə ANAMA-ya məlumat daxil olan kimi, əməliyyat-axtarış qrupu dərhal həmin əraziyə göndərilib. Təhqiqat zamanı “Toyota” markalı avtomobilin tank əleyhinə iki minaya düşdüyü məlum olub. Aparılmış xilasetmə əməliyyatı zamanı xüsusi təhlükəsizlik zolağı açılaraq cəsədlər aidiyyəti üzrə təhvil verilib.