CƏMİYYƏT
ANAMA yeni loqotipinin hazırlanması ilə bağlı müsabiqə elan edir
Bakı, 12 fevral, AZƏRTAC
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) yeni loqotipinin hazırlanması üzrə müsabiqə elan edir.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Prezidentinin 2021-ci il 15 yanvar tarixli Fərmanı ilə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi yaradılıb və Agentliyin Nizamnaməsində yeni loqotipin hazırlanması nəzərdə tutulub.
Agentlik Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalardan, partlamamış hərbi sursatlardan, tərkibində partlayıcı olan qurğulardan və başqa partlayıcı qalıqlardan təmizlənməsi, onların müvəqqəti saxlanılması, daşınması və zərərsizləşdirilməsi sahəsində fəaliyyət göstərir.
Yeni loqotipin dizaynı Agentliyin fəaliyyətini, strategiya və missiyasına dair elementləri özündə əks etdirməli, sadə və müasir dizaynda tərtib edilməli, eyni zamanda, rəngli və konseptual görünüşlü olmalıdır.
Müsabiqədə bu günədək istifadə olunmayan və mövcud loqoların elementlərini təkrarlamayan loqotiplər təqdim edilməlidir.
Yeni loqotipin dizaynı üzrə seçilən qalib Agentliyin sertifikatı və hədiyyə ilə təltif olunacaq.
Layihə təklifləri 2021-ci il martın 1-dək [email protected] elektron poçt ünvanına və ya ANAMA-nın Baş Qərargahına (Bakı şəhəri, İbrahimpaşa Dadaşov küçəsi 260, 5-ci mərtəbə) təqdim edilə bilər.
Əlaqələndirici şəxs ANAMA-nın mətbuat katibi Səbinə Sərkərovadır. Əlaqə telefonu (012) 497-38-51.