DÜNYA
ANKARA ZİRVƏ GÖRÜŞÜ TÜRKİYƏ-RUSİYA İQTİSADİ ƏMƏKDAŞLIĞINI YENİ SƏVİYYƏYƏ QALDIRACAQ
Sentyabrın əvvəllərində Ankarada keçiriləcək Türkiyə-Rusiya zirvə görüşü iki ölkənin iqtisadi sahədə qarşılıqlı fəaliyyətini yeni səviyyəyə qaldırmağa kömək edəcəkdir. AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin Rusiyadakı səfiri Qurtuluş Daşkənd İTAR-TASS agentliyinin müxbirinə müsahibəsində bildirmşdir.
Səfir demişdir ki, Rusiya ilə Türkiyə arasında siyasi dialoq səviyyəsində mehriban qonşuluq münasibəti yaranmışdır. Beynəlxalq və regional siyasətin bir çox məsələlərində Moskvanın və Ankaranın mövqeləri uyğun gəlir. Onun sözlərinə görə, ikitərəfli iqtisadi əlaqələr də yüksəlişdədir – 2003-cü ildə əmtəə dövriyyəsi 6,8 milyard dollar olmuşdur, cari ildə isə 9 milyard dollar səviyyəsinə çata bilər.
Qurtuluş Daşkənd iki ölkənin siyasi əlaqələrindən də danışaraq demişdir ki, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ilin sonunadək Moskvaya işgüzar səfər edəcəkdir. İqtisadi əməkdaşlıq üzrə qarışıq komissiyanın iclası olacaqdır. Prezident Əhməd Necdət Sezər Rusiya paytaxtına cavab səfərinə gələcəkdir.