RƏSMİ XRONİKA
ANS ŞİRKƏTLƏR QRUPUNUN VİTSE-PREZİDENTİ MİRŞAHİN AĞAYEVİN ÇIXIŞI
Hörmətli xanımlar və cənablar!
İcazənizlə, “2003-cü ilin adamı” mükafatının təqdim olunması mərasimini açıq elan edim. Əvvəlcə, bu mükafat və diplom haqqında qısa arayış verim. ANS Şirkətlər Qrupu və Çingiz Mustafayev adına Fond bu mötəbər mərasimə qatıldığınıza görə Sizə təşəkkür edir. İnsana verilən obyektiv qiymətin cəmiyyətin inkişafında oynadığı müstəsna, bəzən isə, həlledici rol barədə uzun danışmaq niyyətində deyiləm. Təkcə onu demək istəyirəm ki, cəmiyyətin inkişaf sürətini məhz ayrı-ayrı seçmə fərdlərin həyat və fəaliyyət tərzləri müəyyən edir. ANS Şirkətlər Qrupunun və Çingiz Mustafayev adına Fondun hər il təqdim etdiyi ilin adamı mükafatı da məhz belə insanların xidmətlərinə diqqəti yönəltmək məqsədi daşıyır.
Vaxtınızı çox almadan iki faktı xatırlatmaq istəyirəm. Ötən ilin dekabr ayında qonşu Gürcüstanda ölkənin müstəqil televiziyası birbaşa yayımda bir həftədən artıq idi ki, xalqın öz rəhbərinə etirazını nümayiş etdirirdi... və o, getdi!
Elə həmin ay Azərbaycanın müstəqil televiziyası birbaşa efirdə xalqın öz rəhbərinə məhəbbətini nümayiş etdirdi. O da gedirdi. Amma kim və hara?
Və hər iki fakt qiymətdir.
İndi isə Heydər Əlirza oğlu Əliyevin “2003-cü ilin adamı” elan edilməsi münasibətilə təşkil olunmuş təqdimat mərasimini açıq elan edir, sözü ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevə verirəm.