REGİONLAR
AQRAR İSLAHATLARIN 10 İLİ TAMAM OLMUŞDUR
Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Azərbaycanda aqrar islahatlara başlanılmasından 10 il keçir. Ötən müddətdə respublikamızın aqrar bölməsində əsaslı dəyişikliklər baş vermiş, torpaq, istehsal vasitələri üzərində mülkiyyət forması dəyişmiş, özəlləşdirmə başa çatdırılmışdır. İndi kənd təsərrüfatı məhsulları istehsalı, demək olar ki, tamamilə özəl bölmənin payına düşür.
Ardıcıl həyata keçirilən aqrar islahatlar Azərbaycanda bitkiçilik və heyvandarlıq məhsulları istehsalının dinamik inkişafına şərait yaratmışdır. Ölkəmiz, artıq bitkiçilik məhsulları ixrac edən ölkəyə çevrilmişdir. Azərbaycan hər il orta hesabla 160 milyon dollarlıq kənd təsərrüfatı məhsulu ixrac edir. On il ərzində ixracın həcmi 6-7, kartof istehsalı 5, bostan məhsulları istehsalı 8,4, tərəvəz istehsalı 2,5, taxıl istehsalı isə 2,4 dəfə artmışdır.
İndi aqrar bölmədə bazar iqtisadiyyatı prinsiplərinə uyğun infrastruktur yaradılır, fermerlərin, sahibkarların, iş adamlarının səmərəli fəaliyyət göstərməsi üçün müvafiq tədbirlər görülür.