REGİONLAR
AQROTEXSERVİS FƏALİYYƏTİNİ GENİŞLƏNDİRİR
Sabirabadın Güdəcühür kəndində 2006-cı ilin aprelində yaradılmış Aqrotexservis kənd təsərrüfatı məhsulları istehsalçılarının ümidlərini layiqincə doğruldur.
Qurumdan AZƏRTAC-a bildirmişlər ki, müəssisə ötən il 100-dən yuxarı fiziki və hüquqi şəxsə qarşılıqlı müqavilə əsasında xidmət göstərmişdir. Onun texnika parkı elə də zəngin deyildir. Fəaliyyətə 7 taxılyığan kombayn, 8 universal traktor, 1 ekskovator, otbiçən, otpresləyən, taxıltəmizləyən, gübrəsəpən mexanizmlər, yanacaqdaşıyan avtomobillə başlamışdı. Artıq öhdəliklər tamamilə yerinə yetirilmişdir. Bu il üçün sifarişlərin həm həcmi, həm də sayı artmışdır. Hələlik 120-dən yuxarı sahibkarla müqavilə bağlanmışdır. Yaz-tarla işləri başlanandan 500 hektardan çox torpaq sahəsi şumlanmış, 400 hektara yaxın sahəyə gübrə səpilmişdir. Aqrotexservisə əlavə maşın və aqreqatlar alınması, texniki xidmətlərin əhatə dairəsinin genişləndirilməsi də nəzərdə tutulur.