CƏMİYYƏT
AQTA 191 adda aktiv maddəni əhatə edən pestisidlərin ölkə ərazisində istifadəsinə qadağa qoyub
Bakı, 14 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 191 adda aktiv maddəni əhatə edən pestisidlərin ölkə ərazisində istifadəsinə qadağa qoyub.
AZƏRTAC xəbər verir ki, bu barədə AQTA-nın sədri Qoşqar Təhməzli agentliyin ilin ilk doqquz ayındakı fəaliyyətinə həsr olunan mətbuat konfransında məlumat verib.
O həmçinin qeyd edib ki, Rusiya Federasiyasının "Pestisidlərin və aqrokimyəvi maddələrin təhlükəsiz istifadəsi haqqında" Qanununa dəyişikliklər edilib və həmin dəyişikliklər 2021-ci il iyunun 29-dan qüvvəyə minib. Qanundan irəli gələrək agentlik və “Rosselxoznadzor” arasında saziş bağlanması nəzərdə tutulub.
Sazişə əsasən, bu sahədə dövlət nəzarətinin gücləndirilməsi, o cümlədən tətbiq edilən pestisid və aqrokimyəvi maddələrin normaları barədə məlumatların da qarşı tərəfə verilməsi, meyvə-tərəvəz məhsullarında pestisidlərin, nitratların və ağır metal duzlarının qalıq miqdarının Rusiyada qüvvədə olan normalar daxilində olması nəzərdə tutulur.
Q.Təhməzli bildirib ki, ölkəyə yalnız dövlət qeydiyyatına alınmış pestisidlər və aqrokimyəvi maddələr idxal olunmalıdır.