CƏMİYYƏT
AQTA Türkiyəyə soğan ixrac edən sahibkarlara müraciət edib
Bakı, 24 yanvar, AZƏRTAC
Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi tərəfindən digər ölkələrdən soğan idxalının məhdudlaşdırılması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə soğan məhsulunun “Zərərli risk analizi“nin aparılması istiqamətində məlumat daxil olub.
AQTA-dan AZƏRTAC-a bildirilib ki, məlumat daxil olduqdan dərhal sonra, Azərbaycanda becərilən soğanın risk təhlili aparılıb və nəticələr Türkiyəyə göndərilib. Risk təhlilindən sonra, uyğun şərtlər daxilində Azərbaycandan Türkiyəyə soğanın idxalına icazə verilib. Belə ki, ölkəmizdən Türkiyəyə ixrac olunan soğan Azərbaycan mənşəli olmalı, kartof gövdə nematodu, gövdə nematodu və soğanın ağ çürüməsi zərərli orqanizmlərinə sirayətlənməməlidir.
Bununla əlaqədar, Qida Təhlükəsizliyi Agentliyi sahibkarların nəzərinə çatdırır ki, Türkiyəyə soğan ixrac edərkən bu tələbləri nəzərə alsınlar. İxrac etmək istədikləri soğanın mənşəyinə və fitosanitar təhlükəsizliyinə diqqət yetirsinlər. Əks halda qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcək.