CƏMİYYƏT
AQTA: ekspertiza 25 nümunənin enerji içkisi olmadığını müəyyən edib
Bakı, 14 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlak bazarında enerji içkisi adı altında istehlakçılara təqdim olunan alkoqolsuz içkilərin enerji içkisi olub-olmaması, eləcə də qaydalara uyğunluğunun müəyyən edilməsi məqsədilə monitorinqlər keçirib. Otuz nümunə üzərində aparılmış müayinələr nəticəsində 5 nümunənin enerji içkisi olduğu təsbit edilib ki, onlardan yalnız 1-nin etiketlənməsinin qaydalara uyğun olduğu, digər 4-nün isə uyğun olmadığı aşkarlanıb. Həm etiket məlumatlarının ekspertizası, həm də tərkib analizi nəticəsində qalan 25 nümunənin enerji içkisi olmadığı müəyyən edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə AQTA sədri Qoşqar Təhməzli agentliyin ilin ilk 9 ayındakı fəaliyyətinə həsr olunan mətbuat konfransında məlumat verib.
Q. Təhməzli bildirib ki, həmin 25 məhsul enerji içkisi olmadığı halda, üzərində istehlakçılarda enerji içkisi olduğuna dair təəssürat yaradan ifadələrdən istifadə edilib. İstehlakçıları çaşdırmaqla qanunvericiliyin tələbini pozan istehsalçılara dair müvafiq tədbirlərin görülməsi üçün Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət olunub.