CƏMİYYƏT
AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir
Bakı, 10 fevral, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində fevralın 9-da ölkə üzrə 398 ictimai iaşə obyektində 621 monitorinq keçirilib.
Monitorinqlər zamanı 40 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq ümumilikdə 25 200 manat məbləğində cərimə tətbiq olunub.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.