CƏMİYYƏT
AQTA-nın əməkdaşları Göyçayda çəkisi 167 kiloqram olan ölü heyvan cəmdəyi aşkarlayıblar
Bakı, 7 iyun, AZƏRTAC
Göyçayda çəkisi 167 kiloqram olan istifadəyə yararsız, ölmüş heyvan cəmdəyi aşkar olunub.
Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) informasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, AQTA-nın əməkdaşları agentliyə daxil olan məlumat əsasında Göyçay şəhəri, Ə.Məmmədxanlı küçəsi ünvanında Hacıyev Soltan Ağaəli oğlunun avtomobilinə baxış keçiriblər.
Baxış zamanı avtomobilin yük yerində ölmüş vəziyyətdə başı kəsilən, istehlaka yararsız, diri çəkisi 167 kiloqram olan bir baş iribuynuzlu heyvan cəmdəyi aşkarlanıb.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları heyvan cəmdəyindən nümunələr götürərək ekspertizadan keçiriblər. Məlum olub ki, aşkarlanan heyvan cəmdəyi insanların istehlakı üçün tamamilə yararsızdır. Aşkarlanmış heyvan cəmdəyinin məhv edilməsi üçün zəruri tədbirlər görülüb.
Faktla bağlı araşdırma davam etdirilir.