CƏMİYYƏT
AQTA qanunsuz heyvan kəsimi hallarının qarşısının alınması ilə əlaqədar yerli icra orqanlarına müraciət edib
Bakı, 6 may, AZƏRTAC
“Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Prezidentin 2018-ci il iyunun 11-də imzaladığı Sərəncamın icrası ilə bağlı olaraq baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında satış məqsədləri üçün heyvan kəsimi hallarının qarşısının alınması sahəsində aidiyyəti dövlət və yerli icra orqanları ilə müvafiq tədbirlər görülür, mövcud vəziyyətin qiymətləndirilməsi və qanunsuz əməllərin aradan qaldırılması istiqamətində ardıcıl olaraq monitorinq və yoxlama-nəzarət tədbirləri həyata keçirilir.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, son vaxtlar aparılan monitorinqlərin nəticələri göstərir ki, görülən işlərə baxmayaraq, baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən ərazilərdə, küçələrdə və yol kənarlarında satış məqsədilə qanunsuz heyvan kəsimi halları davam edir. Bəzi ərazilərdə isə bu cür qanunsuz halların genişləndiyi müəyyənləşdirilib.
Dünyada yayılmış yeni növ koronavirus (COVID-19) pandemiyası dövründə, o cümlədən havaların mövsümi istiləşməsi ilə əlaqədar zoonoz xəstəliklərin kütləvi yayılması riski mövcuddur. Belə bir şəraitdə baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə heyvanların baytarlıq nəzarətindən keçirilmədən kəsilməsi təhlükəli vəziyyətin yaranmasına səbəb ola bilər. Bununla əlaqədar olaraq, aparılan monitorinqlər zamanı yerlərdə qanunsuz heyvan kəsimi halları ilə əlaqədar aşkar olunmuş faktlar üzrə məlumatlar toplanılıb və müvafiq tədbirlərin görülməsi üçün yerli icra hakimiyyəti orqanlarına göndərilib.