ARDNŞ 2004-CÜ İLDƏ 8,8 MİLYON TON NEFT ÇIXARMAĞI PLANLAŞDIRIR
AzerTAg.az
2004-cü il üçün proqnozlara görə, ARDNŞ 8,8 milyon ton neft hasil edəcəkdir. Bunu müxbirimizə Azərbaycan Yanacaq və Energetika Nazirliyinin Yanacaq-Energetika Əməliyyatları Baş İdarəsinin rəisi İdris Rzabəyov bildirmişdir.
Onun sözlərinə görə, dövlətə təhvil veriləcək neft təxminən 8,7 milyon ton olacaqdır. Çünki 100-120 min ton neft ARDNŞ-in daxili ehtiyaclarına və təbii itkilərə gedir. O demişdir ki, ARDNŞ yeni neft yataqlarını istifadəyə verməmişdir və bunu yaxın illər üçün də planlaşdırmır. Çünki bütün perspektivli yataqlara dair xarici şirkətlərlə müqavilələr imzalanmışdır. Köhnə yataqlarda kəşfiyyat qazması işləri aparmaq isə sərfəli deyildir. Ona görə ki, kəşfiyyat qazması istismar qazması ilə müqayisədə üç-dörd dəfə çox vəsait tələb edir.
Qaz hasilatının artırılması barədə məlumat verən İdris Rzabəyov demişdir ki, Azərbaycanda perspektivli strukturlar var və qazma işləri burada aparılmalıdır. Belə strukturlardan biri də “Günəşli” yatağının dənizin dayaz sahəsində yerləşən hissəsidir və orada məhsuldar laylar mövcuddur.
Xəbərin mətnində orfoqrafik səhv var