CƏMİYYƏT
“ASAN könüllüləri” üçün İİV infeksiyası ilə bağlı maarifləndirmə tədbiri keçirilib
Bakı, 19 may, AZƏRTAC
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Respublika QİÇS-lə Mübarizə Mərkəzi (RQMM) ilə birgə “ASAN könüllüləri” üçün İİV infeksiyası ilə bağlı maarifləndirmə tədbiri təşkil olunub.
İSİM-in direktoru Qəhrəman Haqverdiyev iştirakçıları salamlayaraq bu istiqamətdə maarifləndirilmənin əhəmiyyətini vurğulayıb və bildirib ki, tədbirin təşkilində məqsəd “ASAN könüllüləri” vasitəsilə İİV haqqında bilgilərin yeniyetmələrə, gənclərə ötürülməsidir.
AZƏRTAC İSİM-in rəsmi instaqram səhifəsinə istinadla bildirir ki, RQMM-in direktoru Famil Məmmədov tədbirdə çıxış edərək dünyada, eləcə də Azərbaycanda bu sahədə mövcud olan epidemioloji vəziyyət barədə ətraflı məlumat verib, gənclərə tövsiyələrini çatdırıb. Hər kəsdən bu infeksiyaya qarşı həssas davranış tələb olunduğunu vurğulayan RQMM-in direktor müavini Səbinə Babazadə bildirib ki, İİV infeksiyasının erkən aşkar olunması uğurlu müalicəyə və ətrafdakı insanların virusdan qorunmasına zəmin yaradır.
RQMM-in Monitorinq şöbəsinin müdiri Günəş Cəfərova virusa yoluxma, qorunma və müalicə üsulları haqqında ətraflı məlumat verib, vaxtında qoyulan diaqnozun ölüm hallarının qarşısını ala bildiyini və antiretrovirus müalicəsinin effektli olduğunu diqqətə çatdırıb.
Tədbir interaktiv şəraitdə davam etdirilib, iştirakçıların sualları mütəxəssislər tərəfindən cavablandırılıb.