İQTİSADİYYAT
ASK ilə TAİB-in anlaşma memorandumu imzalaması barədə razılıq əldə edilib
Bakı, 23 aprel, AZƏRTAC
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyi (TAİB) arasında əməkdaşlığa dair anlaşma memorandumunun imzalanması barədə razılıq əldə olunub.
ASK-dan AZƏRTAC-a bildirilib ki, İstanbulda Azərbaycanın Türkiyədəki səfirliyinin təşkilati dəstəyi ilə TAİB-in yeni heyətdə təsis yığıncağı keçirilib. Tədbirin məqsədi Türkiyədəki azərbaycanlı iş adamlarının vahid platformada birləşdirilməsi və onların üçüncü ölkələrlə əməkdaşlığa cəlb edilməsi planlarının müzakirəsi idi. Tədbirdə ASK-nı baş katibin müavini Fuad Hümbətov təmsil edib.
ASK-nın təmsilçisi müxtəlif qurumların, eləcə də digər rəsmi, işgüzar dairələrin nümayəndələri ilə görüşlər keçirib. F.Hümbətov görüşlərdə ASK-nın ən iri biznesə dəstək təşkilatı kimi həm ölkə daxilində, həm də xaricdəki fəaliyyəti, sosial tərəfdaş kimi ölkənin sosial-iqtisadi sferasında həyata keçirilən islahatlardakı iştirakı, əməkdaşlıq etdiyi beynəlxalq və donor təşkilatlar, xarici ölkələrdəki nümayəndəliklərin fəaliyyəti barədə məlumat verib.
TAİB-in idarə heyətinin sədri Mehdi Nağıyevlə görüş zamanı qurumla üçüncü ölkələrdə, habelə beynəlxalq layihələrdə birgə fəaliyyət məqsədilə ASK və TAİB arasında əməkdaşlıq barədə anlaşma memorandumunun imzalanması haqqında razılıq əldə edilib. Digər iş adamları və rəsmi şəxslərlə görüş zamanı birgə fəaliyyət perspektivləri müzakirə olunub.