SİYASƏT
AŞPA-NIN DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ ÜZRƏ MƏRUZƏÇİSİ TERRİ DEVİSİN AZƏRBAYCANA SƏFƏRİ BAŞA ÇATMIŞDIR
Azərbaycanda rəsmi səfərdə olan AŞPA Siyasi Məsələlər Komitəsinin Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçisi Terri Devis aprelin 15-də Milli Məclisdə səfərinin yekunları ilə bağlı mətbuat konfransı keçirmişdir.
Azərbaycan parlamentinin AŞPA-dakı daimi nümayəndə heyətinin fəaliyyətini yüksək qiymətləndirən Terri Devis demişdir ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı obyektiv məruzə hazırlanması təklifini də məhz azərbaycanlı deputatlar irəli sürmüşlər. Siyasi Məsələlər Komitəsi təklifi qəbul etmiş və məruzə hazırlanmasını ona tapşırmışdır.
Regiona səfərinin əsas məqsədi münaqişə ilə bağlı tərəflərlə, xüsusən də bu münaqişədən ən çox əziyyət çəkən qaçqınlarla görüşüb tam, ətraflı məlumat əldə etməkdir. O, Azərbaycan Prezidenti Heydər Əliyev, Milli Məclisin sədri Murtuz Ələsgərov, Xarici işlər, müdafiə, milli təhlükəsizlik nazirləri, icma və siyasi partiya nümayəndələri, ziyalılar, alimlər, eləcə də çadır şəhərciyində məskunlaşmış qaçqınlarla səmərəli görüşlər keçirmişdir. Belə görüşləri Ermənistanda da keçirəcəkdir. Amma hazırlanacaq məruzə bu ilin sonunadək müzakirə olunmayacaqdır. Məruzəçi bir neçə aydan sonra regiona yenə də səfər edəcəkdir və bu dəfə çox güman ki, Dağlıq Qarabağa da gedəcəkdir. Yalnız Azərbaycanda qarşıdan gələn prezident, Ermənistanda isə parlament seçkiləri başa çatdıqdan sonra məruzə Siyasi Məsələlər Komitəsində müzakirə olunacaq və sonra AŞPA-nın gündəliyinə çıxarılacaqdır. Müzakirəyə çıxarılacaq məruzədə münaqişənin həlli ilə bağlı görülən işlər və görülməsi vacib olan məsələlər öz əksini tapacaqdır.
Jurnalistlərin suallarına cavab verərkən Terri Devis demişdir ki, məruzədə ATƏT-in Minsk qrupu həmsədrlərinin işinə istinad olunmaqla yanaşı, onların fəaliyyətinə qiymət də veriləcəkdir. Məruzədən sonra təcavüzkara qarşı sanksiyaların tətbiqinə gəlincə, məruzəçi, Avropa Şurasına üzv olan ölkələrdən hansınınsa qəbul ediləcək qərarları yerinə yetirməyəcəyinə ümid etmədiyini vurğulayıb. Böyük Britaniya parlamentinin bəzi deputatlarının rəsmi Bakının icazəsi olmadan Dağlıq Qarabağa səfər etmələri ilə bağlı məsələyə münasibət bildirən Terri Devis demişdir ki, onlar öz səfərləri və çıxışlarında sərbəstdirlər və bunun üçün özləri məsuliyyət daşıyırlar.
Bununla da Terri Devisin Azərbaycana rəsmi səfəri başa çatmışdır.