SİYASƏT
AŞPA-nın yaz sessiyasında Azərbaycanda həyata keçirilən islahatlardan danışılıb
Strasburq, 12 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-cu ilin əvvəlində ölkədə idarəetmə sisteminin transformasiyasını elan etdi. Dövlət başçısı ölkədə aparılan islahatların əsas strategiyasının sosial-iqtisadi inkişafın təmin edilməsinə, demokratik dəyərlərin inkişafına və dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsinə yönəldiyini bildirib, bu məqsədlə cəmiyyətin bütün sahələrində ardıcıl və məqsədyönlü siyasət həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, bu fikirləri AŞPA-da sərbəst müzakirələr zamanı qurumdakı nümayəndə heyətimizin üzvü Sevinc Fətəliyeva bildirib.
Deputat Azərbaycan Prezidentinin 2019-cu il aprelin 3-də imzaladığı "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmandan, ədalət mühakiməsinin formalaşdırılmasında, məhkəmə icraatının effektivliyinin yüksəldilməsində, ədalət mühakiməsi mexanizmlərinin səmərəli fəaliyyətinin təmin edilməsində həmin Fərmandan irəli gələn tələblərdən söz açıb. O, ölkədə sosial müdafiə sisteminin gücləndirilməsi sahəsində atılan mühüm addımlardan danışaraq, Prezident Sərəncamı ilə şəhid ailələri üçün nəzərdə tutulan Prezident təqaüdünün, minimum əməkhaqqının, sosial müavinətlərin artdığını, məcburi köçkün və şəhid ailələrinin mənzillə təmin olunduğunu diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan Prezidentinin 2019-cu ilin əvvəlində "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı əhalinin sosial maraqlarının müdafiəsinə və rifah halının yaxşılaşmasına yüksək diqqətin göstəricisidir.
Deputat ölkəmizdə sahibkarlığın inkişafına dəstək mexanizmlərinin təkmilləşdirilməsi, özəl sektorun inkişafı xüsusi diqqət yetirilməsi haqqında məlumat verilib.
Qeyd edilib ki, demokratik dəyərlərə sadiqlik, insan hüquq və azadlıqlarının qorunması üçün mükəmməl qanunvericilik bazasının yaradılması hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolunda inamla irəliləyən dövlətimizin siyasətinin prioritetləri sırasındadır. Demokratiya təcrübəsi sahəsində dünyaya nümunə olan Azərbaycanın humanizm prinsiplərinə sadiqliyi beynəlxalq aləmdə də yüksək dəyərləndirilir. İmzalanan əfv sərəncamları və qəbul olunan amnistiya aktları demokratiyanın inkişafına xidmət edən mühüm addımlardandır. Ölkədə aparılan islahatlar insan amilinə verilən dəyərin aydın ifadəsidir. İslahatların əsasında insan kapitalı, insan haqlarının müdafiəsi və demokratiyanın inkişafı durur. Avropa Şurasına üzv dövlətlərdə belə dəyərlərə xidmət edən addımlar qurum tərəfindən yüksək qiymətləndirilməli və dəstəklənməlidir.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq