MƏDƏNİYYƏT
ATAA və İordaniyanın turizm sənayesinin nümayəndələri əməkdaşlıq əlaqələrini müzakirə ediblər
Bakı, 23 noyabr, AZƏRTAC
Azərbaycanın turizm imkanlarının və turizm məhsullarının təbliği və iki ölkənin turizm subyektləri arasında qarşılıqlı iş birliyinin yaradılması məsələləri noyabrın 22-də Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) üzvləri ilə İordaniyanın turizm sənayesinin nümayəndələri arasında keçirilən görüşdə müzakirə olunub.
ATAA-dan AZƏRTAC-a bildirilib ki, Azərbaycan Turizm Agentlikləri Assosiasiyası və İordaniya Haşimilər Krallığının Azərbaycandakı Səfirliyinin təşkilatçılığı və İordaniya Turizm Bürosunun dəstəyi ilə təşkil olunan infotur çərçivəsində keçirilən görüşdə tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi, turist cəlbediciliyinin artırılması məqsədi ilə birgə işbirliyinin yaradılması, qarşılıqlı kommunikasiya əlaqələrinin genişləndirilməsi müzakirə olunub.
Görüşdə, həmçinin birgə layihələrin hazırlanması, təcrübə mübadiləsinin aparılması, tanışlıq məqsədli infoturların təşkili və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
İnfotur çərçivəsində ATAA nümayəndələri üçün İordaniyanın antik şəhəri Ceraşa, o cümlədən paytaxt Aman şəhərinə səfər təşkil edilib, buranın turizm potensialı və məhsulları haqqında məlumat verilib.