SİYASƏT
ATATÜRKÜ ANMA, GƏNCLİK VƏ İDMAN BAYRAMI TƏNTƏNƏ İLƏ QEYD OLUNMUŞDUR
Türkiyənin bütün şəhərlərində “19 May-Atatürkü anma, gənclik və idman bayramı” böyük təntənə ilə qeyd olunmuşdur. 1919-cu il mayın 19-da Mustafa Kamal Atatürk İstanbuldan Samsuna gəlmiş və burada vətəni yadelli işğalçılardan qorumaq üçün bütün milləti səfərbər edərək, İstiqlal savaşının ilk qığılcımlarını alovlandırmışdır. Bu əlamətdar hadisə 84 ildir bütün Türkiyədə bayram edilir.
Həmin gün dövlət rəhbərləri Mustafa Kamal Atatürkün “Anıtqəbir” mavzoleyini ziyarət etmişlər. Sonra dövlət və hökumət rəhbərləri, deputatlar, yüksək rütbəli zabitlər, siyasi partiyaların nümayəndələri, ölkədə akkreditə olunmuş xarici dövlətlərin səfirləri Ankarada “19 May” stadionunda təşkil olunmuş bayram tədbirində iştirak etmişlər.
“19 May – Atatürkü anma, gənclik və idman” bayramı İstanbulda da təntənəli surətdə keçirilmiş, Atatürkün heykəlinin önünə çələng qoyulmuş, Vətənin müstəqilliyi uğrunda şəhid olanların xatirəsi yad olunmuşdur.
Ankarada və İstanbulda keçirilən bayram tədbirləri Türkiyənin televiziya kanalları vasitəsilə canlı yayımlanmışdır.
Tural Rzayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara