ELM VƏ TƏHSİL
ATMU Türkiyənin nüfuzlu universitetlərindən biri ilə əməkdaşlıq edəcək
Bakı, 6 aprel, AZƏRTAC
Türkiyənin Kahramanmaraş Sütçü İmam Universitetinin prorektoru İsmayıl Bakan Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) olub.
ATMU-dan AZƏRTAC-a bildirilib ki, bu ali təhsil müəssisəsinin tədris işləri üzrə prorektoru Eldar Aslanovla görüşdə Azərbaycan Turizm və Menecment Universiteti ilə Türkiyənin nüfuzlu universitetləri, eləcə də müvafiq təşkilatları arasındakı işgüzar əməkdaşlıq münasibətləri mövzusunda fikir mübadiləsi aparılıb.
Görüşdə, həmçinin Mövlanə Mübadilə Proqramı çərçivəsində ATMU-nun tərəfdaş universitetlərlə tələbə və müəllim mübadiləsi sahəsində fəaliyyətinə daha çox diqqət ayrılıb. Qarşılıqlı razılaşmaya əsasən, növbəti tədris ilindən ATMU-nun Mövlanə Mübadilə Proqramı çərçivəsində Kahramanmaraş Sütçü İmam Universiteti ilə bir sıra istiqamətlərdə əməkdaşlıq əlaqələrinin qurulması nəzərdə tutulur. Tərəflər magistratura təhsili pilləsində də əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.