CƏMİYYƏT


ATU Türkiyə universitetləri ilə əlaqələrin genişləndirilməsində maraqlıdır

Bakı, 30 mart, AZƏRTAC

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli ilə görüşüb.

AZƏRTAC ATU-ya istinadla bildirir ki, görüşdə səfir ilki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərini qeyd edərək, bu əlaqələrin bir çox sahələri, o cümlədən təhsil sahəsini də əhatə etdiyini vurğulayıb. O, ATU kimi nüfuzlu, beynəlxalq səviyyəli təhsil müəssisəsinin fəaliyyətini yüksək qiymətləndirərək, universitet ilə Türkiyənin ali təhsil müəssisələrinin əməkdaşlığına dəstək verməyə hazır olduqlarını ifadə edib. Səfir, eyni zamanda, ATU-da təhsil alan Türkiyə vətəndaşlarının burada əcnəbi tələbələr üçün yaradılan şəraitdən razılıqlarını da rektora çatdırıb.

Professor Gəray Gəraybəyli Azərbaycan və Türkiyə arasında təhsil sahəsindəki əlaqələrin inkişafında səfirliyin oynadığı rolu xüsusi vurğulayıb. O, ATU-da təhsil səviyyəsinin daha da yüksəldilməsinə xidmət edən islahatlar, universitetin 3 ixtisas üzrə beynəlxalq akkreditasiyadan keçməsi və digər nailiyyətləri barədə məlumat verib. Rektor hazırda universitetdə təhsil alan 2 min 843 əcnəbi tələbənin 1069 nəfərinin Türkiyədən olduğunu qeyd edib. G.Gəraybəyli xarici tələbələrin qəbul prosesinin şəffaf şəkildə, elektron qaydada aparıldığını bildirərək, ATU-nun Türkiyə universitetləri ilə əlaqələrin daha da genişləndirilməsində maraqlı olduğunu bildirib.

Görüşdə Türkiyənin Azərbaycandakı səfirliyinin yeni təhsil müşaviri Nurullah Yazıçı, ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev də iştirak edirdilər. Söhbət zamanı Türkiyə universitetləri ilə ikili diplom mövzusunda, eləcə də təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri barədə müzakirələr aparılıb, birgə layihələrə toxunulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.