DÜNYA
AVROPA BİRLİYİ İMMİQRASİYA QAYDALARINI SƏRTLƏŞDİRİR
AZƏRTAC-ın xüsusi müxbiri Berlindən xəbər verir ki, Avropaya giriş vizası almaq arzusunda olan hər bir şəxs təqdim etdiyi sənədlərə öz fotoşəklini və əl barmaqlarının izlərinin əksini əlavə etməlidir. Səfər edənin fotoşəkli və barmaqlarının izləri haqqında dəqiq məlumat skanerlərdə hazırlanan plastik vizaların içərisində məxfi rəqəmlərlə kodlaşdırılacaqdır. Bu barədə Avropa Birliyinin üzvü və üzvlüyə namizəd dövlətləri məlumatlandıran Avropa Komissiyası yay tətilindən sonra keçirəcəyi ilk iclasında rəsmi qərar qəbul edəcəyini bildirmişdir.
Avropa Komissiyasının bu qərarını Almaniya ictimaiyyəti və siyasi dairələri müsbət qiymətləndirir. Onların fikrincə, yeni növ elektron vizaların tətbiq edilməsinin beynəlxalq terrorçuların, mütəşəkkil cinayətkarların, insan alverçilərinin, qanunsuz narkotik dövriyyəçilərinin, qaçaqmalçıların və sair cinayətkarların müəyyənləşdirilməsi və ifşa edilməsində əvəzsiz rolu olacaqdır.
Yeni plastik vizaların hazırlanmasında Almaniyanın “ZN Vision” və “Cocnitec” firmalarının elektron skanerləri tətbiq olunacaqdır. Avropa Komissiyası bu sahədə üstünlüyü Avropada birincilər sayılan alman firmalarına təsadüfən verməmişdir. Bu firmaların skanerlərinin tərtib etdiyi elektron vizalarını hazırda Nigeriyada sınaqdan çıxaran Almaniya səfirliyi qısa müddətdə yüksək nəticələrə nail olmuşdur. Viza almaq istəyənlərin 16,8 faizinin əvvəllər Almaniyada cinayət törətdiklərinə görə məsuliyyətə cəlb olunduqları yeni vizaların köməyi ilə asanlıqla aşkar edilmişdir.