DÜNYA
AVROPA KOMİSSİYASI TÜRKİYƏNİN AVROPA BİRLİYİNƏ DAXİL OLMASI İDEYASINI DƏSTƏKLƏYƏCƏKDİR
“Türkiyənin Avropa Birliyinə üzvlüyə qəbul olunması Avropa Birliyinin və Avropa Komissiyasının səmimi arzusudur. Avropa Komissiyası AB-nin Türkiyə ilə əlaqələrinin Birliklə qonşuluq çərçivəsində yüksək əməkdaşlıq səviyyəsində qurulması ideyasının deyil, Türkiyə ilə danışıqların başlanması və bu ölkənin AB-yə bərabər hüquqlu dövlət kimi qəbul olunması ideyasını dəstəkləyəcəkdir. Avropa Komissiyasının bu barədə qərarı qətidir və onun alternativi olmayacaqdır”.
AZƏRTAC-ın xüsusi müxbiri Berlindən xəbər verir ki, bunu Avropa Komissiyasının Avropa Birliyinin tərkibinin genişləndirilməsi üzrə məsul komissarı, finlandiyalı Rahn “Berliner Zeitung” qəzetinə müsahibəsində bildirmişdir.
Almaniya, Fransa və digər AB üzvü ölkələrinin Türkiyənin Avropa Birliyinə daxil olması ilə əlaqədar danışıqların başlanması ideyasını Avropa Komissiyasının dəstəkləyəcəyini vurğulayan AB komissarı ümidvar olduğunu bildirmişdir ki, AB-nin artıq 2005-ci ilin aprel ayına müəyyənləşdirdiyi danışıqların nəticəsi Türkiyənin Avropa Birliyinə bərabər hüquqlu dövlət kimi qəbul edilməsi olmalıdır.
Yusif Xəlilov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin