SİYASƏT
AVROPA MƏHKƏMƏSİNİN SƏDRİ İLƏ ƏDLİYYƏ NAZİRLİYİNDƏ GÖRÜŞ
Ölkəmizdə səfərdə olan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri cənab Luzius Vildhaber fevralın 17-də ədliyyə naziri Fikrət Məmmədovla görüşmüşdür.
Azərbaycanda həyata keçirilən demokratik hüquqi islahatlar, o cümlədən insan hüquqlarının daha etibarlı qorunmasına xidmət edən yeni məhkəmə sisteminin yaradılması, qanunvericiliyin təkmilləşdirilməsi və humanistləşdirilməsi sahəsində görülən işlər barədə ətraflı məlumat verən nazir, ümumbəşəri dəyərlərə daim sadiq qalan ölkəmizdə möhtərəm Prezidentimiz cənab Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci ildə Şərqdə ilk dəfə olaraq ölüm cəzasının ləğv edildiyini, son illərdə on minlərlə şəxs barədə amnistiya aktlarının və əfv fərmanlarının qəbul olunduğunu bildirmişdir.
Görüşdə həmçinin, insan hüquqlarının təmin olunmasını özünün ali məqsədi kimi müəyyən etmiş dövlətimizin bir çox Avropa konvensiyalarına, o cümlədən insan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına qoşularaq Avropa Məhkəməsi ilə əməkdaşlığa mühüm əhəmiyyət verdiyi qeyd olunmuş, erməni hərbi təcavüzü nəticəsində ölkə əhalisinin 1 milyondan artıq hissəsinin qaçqın və məcburi köçkün vəziyyətinə düşməklə, onların Avropa Konvensiyasında təsbit olunmuş hüquqlarının kobud şəkildə pozulması xüsusi vurğulanmışdır.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi və onun fəaliyyəti haqqında məlumat verən cənab L.Vildhaber Azərbaycan Ədliyyə Nazirliyi və Avropa Məhkəməsi arasında əməkdaşlığın xüsusi əhəmiyyətini qeyd etmiş, bu görüşün faydalı əməkdaşlığın perspektivləri üçün əsaslı zəmin yaratdığını bildirmişdir.
Görüşdən sonra qonaq Azərbaycan ədliyyəsinin tarixi muzeyi ilə tanış olmuşdur.
Tədbirdə Konstitusiya Məhkəməsinin sədri Xanlar Hacıyev, ədliyyə nazirinin müavini Toğrul Musayev və nazirliyin digər məsul əməkdaşları iştirak etmişlər.