SİYASƏT
AVROPA ŞURASI SONU GÖRÜNMƏYƏN DEMOKRATİKLƏŞDİRMƏ İNSTİTUTUDUR
Yanvarın 27-də Strasburqda öz işinə başlayacaq AŞPA-nın qış sessiyasında Azərbaycanla bağlı hər hansı bir məsələnin müzakirəsi gözlənilməsə də, komitələrin toplantılarında bu istisna edilmir.
Bu barədə AZƏRTAC-ın müxbirinə məlumat verən Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov bildirmişdir ki, İlham Əliyevin başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti həmin sessiyaya ciddi hazırlaşır. Bəzi məsələlərlə bağlı bir neçə sənəd hazırlanıb və onlar AŞPA katiblərinə təqdim ediləcəkdir.
Bu beynəlxalq qurumda Azərbaycanla bağlı hansısa məsələnin müzakirəsindən qorxmağa dəyməz. Çünki cəmiyyət inkişaf etdikcə demokratiyanın tələbləri də dəyişir. Zənnimcə, demokratikləşmə bütün ölkələrin inkişafının əsasını təşkil etdiyi üçün tənqid həmişə olacaqdır. Bu mənada Avropa Şurası sonu görünməyən demokratikləşdirmə institutudur.