İDMAN
AVROPA VƏ DÜNYA ÇEMPİONATLARINDA FƏRQLƏNMİŞ İDMANÇILAR MÜKAFATLANDIRILMIŞLAR
AZƏRTAC xəbər verir ki, iyulun 25-də Milli Olimpiya Komitəsində (MOK) altı ayın yekunlarına əsasən dünya və Avropa çempionatlarında fərqlənmiş, Pekin Olimpiya Oyunlarına lisenziya qazanmış idmançılar və onların məşqçiləri mükafatlandırılmışlar.
Tədbirdə çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə olimpiya oyunları ərəfəsində bu tədbirin əlamətdar olduğunu söyləmişdir. Daha sonra Olimpiya oyunlarına həsr olunmuş rəssamlıq və heykəltəraşlıq mövzusunda müsabiqənin qaliblərinə mükafatlar təqdim olunmuşdur. Bu mövzuda mahnı müsabiqəsinin qalibi isə bəstəkar Aygün Səmədzadə olmuşdur.
İdmançılar arasında mükafatlara güləşçilər Rövşən Bayramov, Mariya Stadnik, Elmira Mürsəlova, taekvondoçular Elnur Amanov, İlkin Şahbazov, cüdoçular Elxan Məmmədov, Kifayət Qasımova, ağırlıqqaldıranlar Zülfüqar Hüseynov, Turan Mirzəyev və onların məşqçiləri layiq görülmüşlər. Bundan əlavə yığma komandaların baş məşqçilərinə - Elçin Cəfərov (yunan-Roma güləşi), Maqomedxan Aratsilov (sərbəst güləş), Ağayar Axundzadə (cüdo), Vahid Nəzərova (ağırlıqqaldırma) mükafatlar təqdim olunmuşdur.
Gənclər və idman naziri Azad Rəhimov idmançılara Olimpiya Oyunlarında uğurlar arzulayaraq, dördilliyin ən böyük idman oyunları ərəfəsində bu görüşün böyük əhəmiyyət daşıdığını qeyd etmişdir. Nazir idmançılarımızın Pekin Olimpiadasında uğur qazanacağına əminliyini vurğulayaraq, hazırda bütün diqqətin bu yarışlarda yüksək nailiyyətin əldə olunmasına yönəldiyini söyləmişdir.
######