AZƏBAYCAN SAHİBKARLARININ NÜMAYƏNDƏLƏRİ İSRAİLƏ YOLA DÜŞMÜŞLƏR
AzerTAg.az
Azərbaycan sahibkarlarının nümayəndələri noyabrın 11-19-da işgötürənlər təşkilatlarının rəhbərləri üçün İsraildə keçiriləcək seminarda iştirak etmək üçün bu ölkəyə yola düşmüşlər.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, seminar iştirakçıları keçid iqtisadiyyatlı ölkələrdə işəgötürənlər təşkilatları əsas diqqəti nəyə yönəltməli, necə işləməlidirlər suallarına cavab axtaracaqlar.
Seminara MDB üzvü olan Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin nümayəndələri dəvət olunmuşlar. Ölkəmizi bu tədbirdə Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Baş katibi Əlipaşa Qayıbəliyev və Marketinq Mütəxəssisləri Cəmiyyətinin nümayəndəsi İlqar Əsədov təmsil edirlər.
Beynəlxalq Əmək Təşkilatının, İsrail Xarici İşlər Nazirliyinin, Beynəlxalq Əməkdaşlıq Mərkəzinin və İsrail Sənayeçilər Assosiasiyasının keçirdiyi seminarda işəgötürənlər təşkilatları üzvlərinin marağını artırmaq, onlara göstərilən xidmətləri inkişaf etdirmək, bu təşkilatları maliyyələşdirmək, eyni profilli strukturlar arasında əməkdaşlığı genişləndirmək məsələlərinə toxunulacaqdır.
Seminar iştirakçıları həmçinin İsrail sahibkarları ilə görüşəcək, ölkənin şirkətləri ilə tanış olacaq, sahibkarlığın inkişafı problemləri ilə bağlı fikir mübadilsi aparacaqlar.
Xəbərin mətnində orfoqrafik səhv var