SİYASƏT
AZƏRBAYCANA YARDIM AYRILMASININ CON ELVİSİN QƏTLİNƏ DAİR İSTİNTAQLA HEÇ BİR BAĞLILIĞI YOXDUR
Xəbər verdiyimiz kimi, ABŞ Konqresi 2003-cü maliyyə ilində xarici dövlətlərə yardım haqqında qanun layihəsini təsdiqləmişdir. Qanunun izahedici mətnində Konqres Dövlət Departamentindən Beynəlxalq Respublikaçılar İnstitutunun nümayəndəsi Con Elvisin qətli ilə bağlı aparılan istintaqa dair son məlumatları istəyir. Bəzi kütləvi informasiya vasitələri bunu Azərbaycana göstərilən siyasi təzyiq kimi yozurlar. Lakin Azərbaycanın Vaşinqtondakı səfiri Hafiz Paşayev bunu qəti surətdə təkzib edir.
O, AZƏRTAC-ın Vaşinqtondakı müxbirinə bildirmişdir ki, Con Elvisin qətli ilə bağlı istintaqa dair məlumat verilməsi ölkəmizə yardım ayrılmasında şərt kimi qoyulmayıbdır. Birləşmiş Ştatlar bu məsələdə Azərbaycan tərəfi ilə əməkdaşlığından çox məmnundur. Əslində istintaqın aparılmasında ləngimə Amerika tərəfi ilə bağlıdır. Bunu qanun layihəsini hazırlayan qanunvericilər də bilirlər. Con Elvisin qətli ilə bağlı istintaqa dair hissə layihəyə bir-iki konqresmenin təkidi ilə salınmışdır. Onlar Con Elvislə şəxsi münasibətləri olmuş adamlardır və bunu onun ailəsinə, dostlarına ehtiram əlaməti olaraq edir, məsələnin daim diqqət mərkəzində olduğunu göstərmək istəyirlər.
Şəfəq Akifqızı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton