ELM VƏ TƏHSİL
AZƏRBAYCANDA İNFORMASİYA TEXNOLOGİYALARININ İNKİŞAFI İLƏ BAĞLI TƏDBİR KEÇİRİLMİŞDİR
Tədbirdə müvafiq təşkilatların rəhbərləri, tanınmış alim və mütəxəssislər, təhsil işçiləri, İsveçdəki Çalmers Texnologiya Universitetinin rektoru Filip Brener iştirak etmişlər.
Təhsil naziri Misir Mərdanov çıxış edərək, Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə informasiya texnologiyalarının inkişafına daim böyük önəm verdiyini vurğulamışdır.
O, isveçli qonaqların və mütəxəssislərin Azərbaycanda informasiya texnologiyaları (İT) ilə bağlı ali təhsil müəssisəsi yaradılmasını təklif etdiyini və bu təklifin əhəmiyyətini də diqqətə çatdırmışdır.
Filip Brener İsveçdə İT ilə bağlı qurumun fəaliyyətindən və bu sahədə əldə olunmuş təcrübədən danışmışdır.
Təklif edilən layihənin məqsəd və məramını açıqlayan qonaq onun Azərbaycanda uğurla həyata keçiriləcəyinə əmin olduğunu söyləmişdir.
Rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasov, prioritet sahə kimi, müasir texnologiyaların, elm, təhsil və sənaye sahələri arasında əlaqələrin inkişaf etdirilməsinin vacibliyini bildirmişdir.
Azərbaycan Milli Elmlər Akademiyası Kibernetika İnstitutunun direktoru, akademik Telman Əliyev, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, professor Rasim Əliquliyev, mütəxəssislər cəmiyyətin tərəqqisində İT-nin mühüm rolundan və ölkəmizdə bu sahə ilə bağlı ali təhsil müəssisəsi yaradılmasının, bacarıqlı kadrlar hazırlanmasının zəruriliyindən bəhs etmişlər.