SİYASƏT
AZƏRBAYCANIN ALMANİYADAKI SƏFİRLİYİNDƏ “AÇIQ QAPI GÜNÜ” KEÇİRİLMİŞDİR
Azərbaycanın Almaniyadakı səfirliyi də daxil olmaqla 36 dövlətin diplomatik missiyalarında “Millətlərin festivalı” çərçivəsində növbəti “Açıq qapı günü” keçirilmişdir. Respublikamızın Almaniyadakı səfirliyindən bildirmişlər ki, “Açıq qapı günü” səfirliyə gələn təxminən 700 nəfərə yaxın və əksəriyyəti də alman mənşəli olan qonaqlara “Odlar yurdu Azərbaycan” adlı sənədli film nümayiş etdirilmiş, onlara dövlətçiliyimizin tarixi, inkişaf mərhələləri, respublikamızın ərazisi, iqtisadiyyatımızın müasir inkişaf istiqamətləri, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, ölkəmizdəki etnik azlıqlar və dini konfessiyalarla bağlı ətraflı məlumat verilmişdir. Qonaqların Ermənistan-Azərbaycan münaqişəsinin mahiyyəti və kökləri haqqında sualları cavablandırılaraq problemin siyasi yollarla həlli sahəsində Azərbaycan rəhbərliyinin mövqeyi izah edilmişdir.