ELM VƏ TƏHSİL
AZƏRBAYCANIN AVROPA ALİ TƏHSİL MƏKANINA İNTEQRASİYASI YÜKSƏK QİYMƏTLƏNDİRİLİR
M.Mərdanov ölkəmizdə Bolonya prosesinin tələblərinə uyğun olaraq, ali təhsil sahəsində görülmüş işlər, akkreditasiyanın keçirilməsi və kredit sisteminə keçid ilə bağlı ətraflı məlumat vermişdir. Avropa İttifaqının TEMPUS proqramı çərçivəsində həyata keçirilən layihə üzrə nəzərdə tutulmuş tədbirlərin reallaşdırılması üçün mühüm addımların atıldığını söyləmişdir.
Azərbaycanın Avropa Təhsil Qanunvericiliyi və Siyasəti üzrə Assosiasiya ilə sıx əməkdaşlığa hazır olduğunu diqqətə çatdıran M.Mərdanov, müvafiq layihə ilə bağlı göstərdikləri dəstəyə görə qonaqlara təşəkkürünü bildirmişdir.
Yan de Qrof ölkəmizin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı atılan addımların yüksək dəyərləndirildiyini və bu istiqamətdə işin davam etdirilməsinin zəruriliyini vurğulamışdır.
O, eyni zamanda, ali təhsil müəssisələrinin akkreditasiyası zamanı Avropa standartlarının nəzərə alınmasının vacibliyini, səffaflığın təmin edilməsinin əsas şərt olduğunu bildirmişdir.
Assosiasiyanın prezidenti TEMPUS proqramı çərçivəsində mövcud layihənin həyata keçirilməsi ilə bağlı birgə iş aparılması lüzumunu qeyd etmiş və həmin layihənin reallaşdırılmasında lazımi yardım göstərməyə hazır olduğunu diqqətə çatdırmışdır.
Görüşdə, həmçinin, ölkəmizdəki ali təhsil müəssisələrinin akkreditasiyası, lisenziyalaşdırılması və kredit sisteminin tətbiqi sahəsində çalışan mütəxəssislər üçün məşğələlərin təşkilinə və Bakıda beynəlxalq konfransın keçirilməsinə dair geniş fikir mübadiləsi aparılmışdır.