MƏDƏNİYYƏT
AZƏRBAYCANIN GƏNC SİRK USTASI PARİS BEYNƏLXALQ FESTİVALINA DƏVƏT OLUNMUŞDUR
Hər il yanvarın 31-dən fevralın 4-dək Paris manejində “Dünya sirkinin sabahı” devizi altında sirk ustalarının festivalı keçirilir. Bu beynəlxalq festival hər il bir sirk nömrəsinə həsr olunur və əsasən, 14-18 yaşlı gəncləri əhatə edir. Festivalın qaliblərinə müxtəlif ölkələrin təsis etdikləri mükafatlar verilir.
Festivala dəvət olunmuş Bakı Dövlət Sirkinin bədii rəhbəri və direktoru, əməkdar mədəniyyət işçisi Maqbet Bünyadov təşkilatçılarla bir sıra görüşlər keçirmiş, gələcək festivallarda Bakı sirkinin iştirakı məsələsini müzakirə etmişdir. O, sirkimizin yetirməsi 14 yaşlı Araz Həmzəyevin “Sümüksüz oğlan” nömrəsinin çəkildiyi videokasseti münsiflər heyəti qarşısında nümayiş etdirmişdir. Azərbaycanlı gəncin ustalığı yüksək qiymətləndirilmiş və onun 2003-cü ildə Parisdə keçiriləcək növbəti festivala dəvət olunması qərara alınmışdır.
M. Bünyadov kloun nömrəsi üzrə təsis olunmuş “Yuri Nikulin” mükafatını qaliblərə təqdim etmək üçün festivala gəlmiş Tatyana Nikulina (məşhur aktyor Yuri Nikulinin həyat yoldaşı) və oğlu ilə də görüşmüş, akvariumda akrobatik oyunlarda fərqlənmiş, Moskva Dövlət Sirki adından çıxış edərək 3-cü yeri tutan həmyerlimiz Gülnarə Babayevaya Bakı Dövlət Sirkinin mükafatını təqdim etmişdir.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris