SİYASƏT
AZƏRBAYCANIN GÜRCÜSTANDAKI SƏFİRLİYİNƏ BAŞSAĞLIĞI VERİRLƏR
AZƏRTAC-ın müxbiri Tbilisidən xəbər verir ki, Azərbaycan xalqının milli lideri Heydər Əliyevin vəfatı Gürcüstan ictimaiyyətinin dərin kədərinə səbəb olmuşdur. Bu böyük şəxsiyyətin dəfn mərasimində Gürcüstan hökumətinin rəsmi nümayəndə heyətindən başqa, yüzlərlə gürcüstanlı da iştirak etmişdir. Bu, Heydər Əliyevə ümumxalq məhəbbətinin parlaq təzahürüdür. Azərbaycan xalqının bu hüznlü günlərində Bakıya gedə bilməyənlər ölkəmizin Gürcüstandakı səfirliyinə gəlir və başsağlığı kitabında Heydər Əliyev şəxsiyyətinə dərin hörmət və ehtiram bəslədiklərini qeyd edirlər.
Gürcüstanda akkreditə olunmuş diplomatik korpusun başçıları, o cümlədən Türkiyə, ABŞ, Fransa, Rusiya, Çin və digər ölkələrin səfirləri, ATƏT-in Gürcüstan nümayəndəliyinin rəhbəri, Gürcüstan Xarici İşlər Nazirliyinin əməkdaşları, Gürcüstan parlamentinin deputatları, ziyalılar və sadə adamlar bu matəm günlərində səfirliyimizə gəlib, başsağlığı verir və xatirə kitabında ürək sözlərini yazırlar. Matəm mərasimi davam edir.