SİYASƏT
AZƏRBAYCANIN KRASNOYARSK DİYARINDA MÜSTƏQİLLİYİ GÜNÜ QEYD EDİLMİŞDİR
Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Ramiz Rizayev Rusiya Federasiyası Krasnoyarsk diyarının yeni seçilmiş qubernatoru Aleksandr Xloponinin dəvəti ilə oktyabrın 17-də onun andiçmə mərasimində iştirak etmişdir. Səfir R.Rizayev cənab Xloponini qubernator seçilməsi münasibətilə təbrik edərək, Azərbaycan Prezidenti Heydər Əliyevin yeni vəzifədə ona uğurlar arzuladığı məktubunu təqdim etmişdir.
Elə həmin gün A.Xlopuninin səfir R.Rizayevlə ayrıca görüşü olmuşdur. Görüşdə Krasnoyarsk diyarında yaşayan çoxsaylı Azərbaycan diasponunun problemləri müzakirə edilmişdir. Diyarın yeni qubernatoru səfiri əmin etmişdir ki, o, öz fəaliyyətində Azərbaycan diasporunun konstruktiv hissəsinə arxalanacaq və onların problemlərini həll edəcəkdir. Bununla əlaqədar belə bir razılaşma əldə edilmişdir ki, A.Xlopunin müavinlərindən birinə azərbaycanlıların problemləri ilə məşğul olmağı tapşıracaqdır.
Xatırlada ki, A.Xloponin başqa millətlərin nümayəndələrinə, o cümlədən də azərbaycanlılara həmişə xoş və yaxşı münasibəti bəsləmişdir. Hətta yerli siyasətbazlardan kimsə Azərbaycan əleyhinə bəyanat və çıxışlarla çirkin siyasi xallar əldə etməyə can atdığı ən çətin vaxtlarda belə, A.Xloponin bu diyarda yaşayan azərbaycanlıları qətiyyətlə və əzmlə müdafiə etmişdir. O, Rusiya Federasiyasının Taymır Muxtar Mahalının qubernatoru olarkən də ölkəmizin Moskvadakı səfirliyinə gəlib, səfir R.Rizayevlə görüşürdü. Hələ o vaxt səfiri əmin etmişdi ki, həmişə azərbaycanlıların tərəfində olmuşdur və bundan sonra da olacaq, onları dəstəkləyəcəkdir, çünki onlar öz zəhmətləri ilə mahalın sosial-iqtisadi inkişafına sanballı töhfə verirlər.
Krasnoyarsk diyarına səfər çərçivəsində R.Rizayev təxminən 40 min nəfərlik Azərbaycan diasporunun fəalları ilə də görüşmüşdür. O, soydaşlarımıza dövlətimizin başçısı Heydər Əliyevin apardığı siyasətin inçəliklərindən, respublikada baş verən siyasi və iqtisadi dəyişikliklərdən, Rusiya-Azərbaycan dövlətlərarası münasibətlərinin son vaxtlar yaxşı səviyyədə olmasından, imzalanmış dövlətlərarası sazişlərin həyata keçirilməsindən və ikitərəfli münasibətlərin perspektivlərindən danışmışdır. Krasnoyarsk diyarındakı Azərbaycan diasporunun başçısı, “Azəri” çəmiyyətinni sədri Mahir İlyasov burada yaşayan azərbaycanlılara mənəvi dəstəyinə görə R.Rizayevə təşəkkürünü bildirərək vurğulamışdır ki, bu cür səfərlər və diyarın rəhbərliyi ilə görüşlər həmvətənlərimiz üçün çox faydalıdır. O bildirmişdir ki, Krasnoyarsk diyarında yaşayan Azərbaycan diasporu tam tərkiblə Ümumrusiya Azərbaycan Konqresinə daxil olur.
Oktyabrın 18-də Krasnoyarskdakı “Tekstilşik” evində Azərbaycanın Müstəqilliyi günü münasibətilə təntənəli qəbul təşkil olunmuşdur. Qəbulda Krasnoyarsk diyar, hökumətinin nümayəndələri də iştirak edirdilər.
Asya Haçızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva