İQTİSADİYYAT
AZƏRBAYCANIN MALİYYƏ NAZİRİ ABŞ-DA MÜHÜM GÖRÜŞLƏR KEÇİRƏCƏK
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Əvəz Ələkbərovun Dünya Bankının region üzrə vitse-prezidenti Şiqu Katsu, ölkə üzrə direktoru Donna Koyrolo, icraçı direktor Pietro Velio və BVF-nin Yaxın Şərq və Orta Asiya Departamentinin direktoru Mohsin Xan, baş müşavir Lorenzo Perez, müşavir Con Uikman-Linn, habelə İsveçrənin maliyyə naziri və digər rəsmi şəxslərlə nəzərdə tutulmuş görüşlərində Azərbaycanın Dünya Bankı və BVF ilə əlaqələri, bu sahədə görülən işlər və gələcək əməkdaşlığın istiqamətləri müzakirə ediləcəkdir.
Oktyabrın 5-də isə Azərbaycan və ABŞ arasında iqtisadi əməkdaşlığa dair İşçi qrupunun növbəti, 9-cu iclası keçiriləcəkdir. Görüşdə İşçi qrupunun Azərbaycan üzrə həmsədri, maliyyə naziri Əvəz Ələkbərovun və ABŞ üzrə həmsədri Tom Adamsın başçılığı ilə nümayəndə heyətləri iştirak edəcəkdir.
İclasda makroiqtisadi vəziyyət, bank-maliyyə sektorunda islahatlar, iqtisadiyyatın diversifikasiyası, energetika sektorunda islahatlar, Minilliyin Çağırışı Korporasiyasının 2005-ci il üçün göstəriciləri, habelə Azərbaycanda biznes və sərmayə mühiti sahəsində aparılan islahatlar və 2005-ci il üçün ABŞ-ın Azərbaycana ayıracağı yardım proqramları barədə müzakirələr aparılacaqdır.
Maliyyə nazirinin səfər müddətində İslam İnkişaf Bankının prezidenti Əhməd Məhəmməd Əli, Qara Dəniz İqtisadi Əməkdaşlıq Bankının prezidenti Mustafa Gürtin, Döyçe Bankın direktoru Aleksandr Lomakin və icraçı direktoru Coerq Bonqartz ilə görüşləri və İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin maliyyə və iqtisadi inkişaf nazirlərinin toplantısında iştirakı da gözlənilir.