SİYASƏT
AZƏRBAYCANIN NÜMAYƏNDƏSİ İLK DƏFƏ AŞPA BÜROSUNUN İCLASINDA İŞTİRAK ETMİŞDİR
Martın 10-da Parisdə Avropa Şurası Parlament Assambleyası Bürosunun iclası keçirilmişdir. İclasda AŞPA-nın 31 mart – 4 apreldə keçiriləcək yaz sessiyasının gündəliyinin təsdiqi, Ermənistanda keçirilmiş prezident seçkilərinin nəticələri, Çeçenistan Konstitusiyasının layihəsi, seçki qanunları layihələri üzrə referendumun keçirilməsi və digər məsələlər ətrafında geniş müzakirələr aparılmışdır.
AŞPA sədrinin müavini və Büro üzvü İlham Əliyev iclasda iştirak etmişdir.
İlham Əliyev iclasdan sonra Azərbaycan televiziyası müxbirinin suallarına cavab vermişdir:
SUAL: İlham müəllim, AŞPA sədrinin müavini və Büro üzvü kimi Siz real olaraq öz vəzifənizin icrasına başlamısınız. Bu yolda Sizə uğurlar arzulayırıq. Arzu edirik ki, Azərbaycanın adını daha da yüksəklərə qaldırasınız. Büronun bugünkü iclası hansı baxımdan Azərbaycan üçün yaddaqalan oldu?
CAVAB: Birinci dəfədir ki, Azərbaycanın nümayəndəsi AŞPA-nın Bürosunda iştirak edir. Bu, çox əlamətdar bir hadisədir. Bilirsiniz ki, Büro AŞPA-da həlledici orqandır. Bütün vacib məsələlər burada müzakirə olunur. O cümlədən sessiyalarda müzakirəyə çıxarılacaq məsələlər də büroda təsdiqlənir. İndi də, demək olar ki, Büronun iclasının əksər hissəsi yaz sessiyasının gündəliyinə həsr edilmişdir. Gündəlik təsdiq olundu. Bəzi məsələlər ətrafında mübahisələr oldu və səsvermələr keçirildi. Deyə bilərəm ki, növbəti sessiyanın gündəliyinə Azərbaycana bilavasitə aid olan iki məsələ salınmışdır. Birinci məsələ Xəzər dənizi ilə bağlıdır. Avropa və Xəzər dənizinin təbii ehtiyatları mövzusu müzakirə ediləcəkdir. İkinci məsələ isə bizim nümayəndə heyəti tərəfindən hazırlanmış məruzədir. Deputat Əli Abbasovun “Cənubi Qafqaz ölkələrində mədəniyyətin vəziyyəti” məruzəsi yaz sessiyasına təqdim olunacaqdır. Çox əlamətdar haldır ki, Azərbaycanın nümayəndəsi ilk dəfə məruzəçi kimi çıxış edəcəkdir. Hazırlanmış məruzədə Azərbaycan üçün çox mühüm məqamlar vardır. Bu baxımdan hesab edirəm ki, Büronun iclası Azərbaycan üçün çox faydalı olmuşdur. Beləliklə, Azərbaycana aid olan iki məsələ sessiyanın gündəliyinə salınıbdır. Çalışacağıq ki, bu məsələlər ətrafında keçiriləcək müzakirələrdə də fəal iştirak edək.
İclasda digər məsələlər də müzakirə edildi. Ermənistanda keçirilmiş prezident seçkilərinin nəticələri geniş müzakirəyə səbəb oldu. Çox kəskin tənqidlər səsləndi. Həm AŞPA-nın sədri Piter Şider, həm də AŞPA-nın baş katibi Valter Şvimmer tərəfindən bu məsələ çox kəskin şəkildə tənqid edildi. Ermənistanda seçkilərin qeyri-demokratik keçdiyi, çoxlu saxtakarlığa yol verildiyi qeyd olundu. Avropa Şurası bu barədə ölçülər götürəcəkdir. Biz də bu barədə öz sözümüzü dedik.
SUAL: Azərbaycan iki ildən bir az artıqdır ki, Avropa Şurasına üzv qəbul olunubdur. Bu qısa müddət ərzində Azərbaycanın nümayəndəsi artıq AŞPA sədrinin müavini və Büro üzvü seçilmişdir. Bunu həm də Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun göstəricisi kimi qiymətləndirə bilərikmi?
CAVAB: Mən də bunu belə qəbul edirəm. Əlbəttə, iki il çox qısa bir müddətdir. Bilirsiniz ki, bu iki il ərzində Azərbaycanla Avropa Şurası arasında çox fəal və müsbət əməkdaşlıq olubdur. Eyni zamanda, bəzi məsələlər üzrə fikir ayrılığı da olubdur. Hətta bəzi hallarda fikir ayrılığı özünü çox kəskin şəkildə büruzə verirdi. Amma bütövlükdə götürüldükdə, əlbəttə ki, Azərbaycanla Avropa Şurası arasında olan əməkdaşlıq çox yüksək səviyyədədir və bundan sonra daha da yüksələcəkdir. Azərbaycan nümayəndəsinin AŞPA sədrinin müavini və Büro üzvü seçilməsi Azərbaycan üçün çox böyük bir hadisədir və bu, Azərbaycanda gedən demokratik proseslərin, islahatların qəbul olunması və AŞ tərəfindən buna verilən böyük qiymət deməkdir.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris