ELM VƏ TƏHSİL
AZƏRBAYCANIN QAX, BALAKƏN RAYONLARINDAN OLAN ŞAGİRDLƏR GÜRCÜSTANIN BORJOMİ VƏ QOCORİ SANATORİYALARINDA DİNCƏLƏCƏKLƏR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Gürcüstan parlamentinin təhsil, elm, mədəniyyət, idman komitəsi və Təhsil İşçiləri Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü ilə Azərbaycanın Qax, Balakən rayonlarındakı gürcü ümumtəhsil məktəblərinin 70 nəfər şagirdi Borjomi və Qocoridəki sanatoriyalarda dincələcəklər. Gürcüstan Təhsil və Elm Nazirliyindən verilən məlumata görə, uşaqlardan 10 nəfəri azərbaycanlı, 60 nəfəri isə gürcüdür. Onlar üçün 2 həftəlik mədəni-kütləvi tədbirlər planlaşdırılmışdır. Nazirlikdən verilən digər məlumatda bildirilir ki, Azərbaycandakı 12 gürcü məktəbində 2 min 345 şagird təhsil alır və onlara dərs vəsaiti (14 min 369 nüsxə dərslik) pulsuz paylanmışdır.