SİYASƏT
AZƏRBAYCANIN SANKT-PETERBURQDAKI BAŞ KONSULUNUN VOLOQODSK VİLAYƏTİNƏ SƏFƏRİ ZAMANI SOYDAŞLARIMIZIN PROBLEMLƏRİ DİQQƏT MƏRKƏZİNDƏ OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, Rusiyanın Voloqodsk vilayətində səfərdə olan Azərbaycanın Sankt-Peterburq şəhərindəki baş konsulu Qüdsi Osmanovun başçılıq etdiyi nümayəndə heyəti Çerepovets şəhərinin meri O.Kuvşinnikov ilə görüşmüşdür.
Görüşdə şəhərdə yaşayan soydaşlarımızın həyat tərzi, leqallaşma prosesinə cəlb olunması kimi məsələlər müzakirə olunmuşdur. Şəhər administrasiyası və sənaye-ticarət palatası tərəfindən Voloqodsk vilayətinin iqtisadi potensialın prezentasiyası keçirilmişdir.
“Severstalq” açıq tipli səhmdar cəmiyyətinin istehsal etdiyi məhsulların nümayişi zamanı 1983-cü ildə ümummilli liderimz Heydər Əliyevin Voloqodsk vilayətinə səfəri zamanı bu müəssisənin açılışında iştirakı xüsusi vurğulanmışdır.
Baş konsul Q.Osmanov Çerepovets şəhərində yaşayan soydaşlarımız ilə görüşmüş, onların problemləri ilə maraqlanmışdır.
Voloqodsk vilayəti administrasiyası ilə əldə olunmuş razılığa əsasən yaxın vaxtlarda baş konsulluğun konsulu və Azərbaycan Daxili İşlər Nazirliyinin Pasport-Qeydiyyat İdarəsinin əməkdaşı soydaşlarımıza leqallaşma prosesində hüquqi yardımın göstərilməsi, müvafiq arayışların verilməsi və onların Azərbaycan Respublikası ümumilli pasportlar ilə təmin edilməsi üçün vilayətə ezam olunacaqlar.