İQTİSADİYYAT
“AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ” JURNALININ BİRİNCİ NÖMRƏSİ ÇAPDAN ÇIXMIŞDIR
Vergilər Nazirliyinin orqanı olan “Azərbaycanın vergi xəbərləri” jurnalının birinci nömrəsi çapdan çıxmışdır. Yeni nəşr vergilər naziri Fazil Məmmədovun məqaləsi ilə açılır. Məqalədə deyilir ki, Azərbaycan Prezidenti Heydər Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi siyasət öz bəhrələrini verir. Sahibkarlar və investisiya üçün yaradılmış əlverişli şərait iqtisadiyyatın dinamik və sürətli inkişafına kömək edir. Məhz bu, vergi qanunvericiliyi, aparılan tədqiqatlar və vergiqoyma prosesində qarşıya çıxan problemlər barədə vergiödəyənlərə düzgün və aydın məlumat verən jurnal yaratmağa sövq etmişdir.
Azərbaycan Prezidentinin İcra Aparatının iqtisadi siyasət şöbəsinin müdiri Mail Rəhimov, Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri Səttar Səfərov, Dövlət Gömrük Komitəsinin sədri Kəmaləddin Heydərov, iqtisadi inkişaf naziri Fərhad Əliyev, respublikanın tanınmış iqtisadçıları jurnalın ilk nömrəsinin çapdan çıxması münasibətilə redaksiya kollektivini təbrik etmişlər.
Jurnalda MDB ölkələri vergi xidmətləri rəhbərlərinin əlaqələndirmə şurasının dördüncü iclasının materialları, Azərbaycan ərazisində vergilərin yaranma tarixi, xarici ölkələrin vergi sistemləri barədə materiallar çap olunmuşdur.