MƏDƏNİYYƏT


AZƏRBAYCANIN XALQ ARTİSTİ ALİM QASIMOVUN İFASI TANINMIŞ BƏSTƏKARIN YENİ ALBOMUNDA

Bakı, 20 mart (AZƏRTAC). Martın 20-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycanın xalq artisti Alim Qasımov və tanınmış dicey, prodüsser, bəstəkar Devid Vendetta birgə mətbuat konfransı keçirmişlər.

İlk olaraq məlumat verilmişdir ki, 2008-ci ildə Devid Vendettanın “Unidos para la musica” hiti bütün dünyanı rəqsə vadar edəndə o, Bakıya dəvət almışdır. Elə həmin günlərdən “Mamedia” şirkətinin prezidenti Mübariz Abdullayevin Devid Vendetta və onun komandası ilə işgüzar münasibətləri başlanmışdır. Daha sonra M.Abdullayev D.Vendettaya gələcək albomlarının birinə Azərbaycanın muğam ustası Alim Qasımovun ifasının salınmasını təklif etmişdir. Nəhayət, 2009-cu ilin axırında bu təklifə müsbət cavab verilmişdir. “Mamedia”nın Bakıdakı studiyasında Alim Qasımovun ifasında mahnıda istifadə olunmuş hissə yazılmışdır. Şirkət rəhbərliyinin Fransaya - Devid Vendettanın studiyasına səfərləri nəticəsində “Paradise” səsyazma leybi altında mahnı hazırlanmışdır. Alim Qasımovun səs sessiyası Devid Vendettanın yeni “Vendetta” albomunda sırada 4-cü olan “I’m your Goddess” (“Mən sənin ilahənəm”) mahnısına daxil edilmişdir.

Bu il martın 21-dən başlayaraq Devid Vendettanın yeni “Vendetta” albomu Azərbaycanda və eləcə də bütün dünyada satışa buraxılacaqdır.

Artıq Fransada “Paradise” studiyası tərəfindən “I’m your Goddess” mahnısına klip çəkilişlərinə başlanmışdır. Klipdə Alim Qasımov da iştirak edəcək, həmçinin Qız qalasından bir neçə kadr da işlənəcəkdir. Klipin davamı Fransa və Marokkoda çəkiləcəkdir .

Sonra Alim Qasımov və Devid Vendetta jurnalistləri maraqlandıran sualları cavablandırmışlar.

Azərbaycan musiqisinə böyük marağı olduğunu söyləyən D.Vendetta Alim Qasımovun ifalarını xüsusilə yüksək qiymətləndirdiyini bildirmişdir. Hazırda albomlarının dünyanın 48 ölkəsində yayıldığını deyən qonaq demişdir ki, yeni diskində Azərbaycan musiqisinin yer almasından böyük fərəh hissi duyur.

Alim Qasımov da öz növbəsində yeni layihədə yer alan milli musiqimizin Avropa dinləyiciləri tərəfindən yüksək qiymətləndiriləcəyini vurğulamışdır.

Devid Vendetta martın 20-də “Buta” sarayında geniş konsert proqramı ilə çıxış edəcəkdir.

######

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.