RƏSMİ XRONİKA


AZƏRBAYCANLA SƏUDİYYƏ ƏRƏBİSTANI ARASINDA ƏLAQƏLƏR SÜRƏTLƏ İNKİŞAF EDİR
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV SƏUDİYYƏ ƏRƏBİSTANI KRALLIĞININ ÖLKƏMİZDƏKİ SƏFİRİNİ QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 1-də Prezident sarayında Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki səfiri Əli Həsən Əhməd Cəfəri onun xahişi ilə qəbul etmişdir.

Səfir iki müqəddəs ocağın xadimi, Səudiyyə Ərəbistanının kralı Fəhd ibn Əbdüləziz Al Səudun və vəliəhd Sultan ibn Əbdüləziz Al Səudun səmimi salamlarını və xoş arzularını Prezident İlham Əliyevə çatdırdı, ölkələrimiz arasında əlaqələrin sürətlə inkişaf etdiyini bildirdi. O, xüsusi olaraq vurğuladı ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Səudiyyə Ərəbistanı Azərbaycanın mövqeyini müdafiə edir, onun suverenliyini və ərazi bütövlüyünü dəstəkləməkdə davam edir.

Səfir Əli Həsən Əhməd Cəfər dövlətimizin başçısına Səudiyyə Ərəbistanı kralının məktubunu da təqdim etdi.

Səmimi salamlara görə iki müqəddəs ocağın xadimi, Səudiyyə Ərəbistanının kralı Fəhd ibn Əbdüləziz Al Səuda təşəkkürünü çatdırmağı xahiş edən Prezident İlham Əliyev 1994-cü ildə Prezident Heydər Əliyevlə birlikdə bu ölkəyə səfər etdiyini xatırlatdı.

Söhbət zamanı Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında bütün sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsində həmin rəsmi səfərin müstəsna rol oynadığı nəzərə çarpdırıldı və sonralar, parlament və hökumət nümayəndə heyətlərinin qarşılıqlı səfərləri zamanı ikitərəfli əlaqələrin genişləndirilməsinə dair bir sıra məsələlər ətrafında müzakirələr aparıldığı vurğulandı. Qeyd edildi ki, indi ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlıq sürətlə inkişaf edir.

Səudiyyə Ərəbistanının xüsusilə infrastruktur sahələrinin inkişafında Azərbaycana böyük kömək göstərdiyini vurğulayan Prezident İlham Əliyev qarşılıqlı surətdə faydalı əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə etdi. Dövlətimizin başçısı Səudiyyə Ərəbistanının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsində ölkəmizin mövqeyini dəstəklədiyinə görə təşəkkürünü bildirdi.

Səfir Əli Həsən Əhməd Cəfər səmimi qəbul üçün Prezident İlham Əliyevə minnətdarlıq etdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin