ELM VƏ TƏHSİL
“AZƏRBAYCAN-80” BİBLİOQRAFİK GÖSTƏRİCİSİ ÇAPDAN ÇIXMIŞDIR
Ümummilli liderimiz Heydər Əliyevin Fərmanı ilə 2003-cü ilin yanvarında “Azərbaycan” jurnalının 80 illik yubileyi təntənəli şəkildə qeyd edilmişdir. Biblioqrafik göstərici Prezident Heydər Əliyevin yubiley münasibətilə jurnalın kollektivinə təbrikindəki bu sözlərlə açılır: “Ümidvaram ki, jurnalın yaradıcı kollektivi ədəbiyyatın yüksək borcuna və amalına bundan sonra da sədaqətlə xidmət edəcək, müstəqillik dövrünün ədəbi salnaməsinə yeni parlaq səhifələr yazılması, gənc nəslin milli-mənəvi dəyərlərə, Azərbaycan ədəbiyyatı və dilinə sevgi, məhəbbət və sıx bağlılıq ruhunda tərbiyə olunması işinə öz töhfəsini verəcəkdir”.
Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafında öz yeri olan, “Əkinçi” və “Molla Nəsrəddin” ənənələrini uğurla davam etdirən “Azərbaycan” jurnalı 80 il ərzində böyük yol keçmişdir. O, 1953-cü ilə qədər “Maarif və mədəniyyət” (1923-1927), “İnqilab və mədəniyyət” (1928-1936), “Revolusiya və kultura” (1936-1841), “Vətən uğrunda” (1941-1946), “İnqilab və mədəniyyət” (1946-1952) adı ilə nəşr olunmuşdur. Jurnal ilk illərdə ərəb, 1930-cu illərdə latın, sonralar kiril və nəhayət, 1990-cı illərin axırından yenə latın qrafikası ilə çıxmışdır.
Hansı adlarla nəşrindən asılı olmayaraq, “Azərbaycan” jurnalı bütün mərhələlərdə özünün məqsəd və əqidəsinə sadiq qalmışdır. Ötən illər ərzində Azərbaycan xalqının həyatında, ədəbiyyat, maarif və mədəniyyət sahəsində elə bir mühüm hadisə olmamışdır ki, o, jurnalın səhifələrində öz əksini tapmasın.
Biblioqrafik göstərici jurnalın 80 ildə çapdan çıxmış 1000-dək nömrəsində, habelə 1926-cı ildən nəşrin əlavəsi kimi ayrıca buraxılmış “Ədəbi parçalar” adlı məcmuədə dərc olunmuş bütün materialları əhatə edir. Göstərici hazırlanarkən ilk növbədə, ədəbiyyatla bağlı müxtəlif səpkili materiallara üstünlük verilmiş, onlar ayrı-ayrı ölkələrin xalqları üzrə qruplaşdırılmışdır. Bölmələr daxilində müəlliflər əlifba sırası ilə, onların əsərləri isə xornoloji ardıcıllıqla verilmişdir.
Məlum olduğu kimi, “Azərbaycan” jurnalının səhifələrində incəsənət, şərqşünaslıq, maarif, mədəniyyət, tarix, dil və sair məsələlərə aid yazılara da xeyli yer ayrılır. Belə materiallar da qeyd edilən qaydada, ayrı-ayrı rubrikalarla verilmişdir.
Universal səciyyə daşıyan biblioqrafik göstərici təkcə ədəbiyyat sahəsində çalışan mütəxəssislər üçün deyil, ümumən, elmi ictimaiyyət, ali məktəb tələbələri və digər oxucular üçün nəzərdə tutulmuşdur.