İDMAN
AZƏRBAYCAN AKROBATLARI YENİYETMƏLƏRİN DÜNYA OYUNLARINDA İKİNCİ YERƏ ÇIXDILAR
Azərbaycan akrobatları Fransanın Lyeven şəhərində yeniyetmələrin III Dünya oyunlarındakı çıxışlarını uğurla başa çatdırmışlar. İlham Abbasov, Rüstəm Nəcəfquliyev, Vüqar Əhmədov və Fərid Məmmədovdan ibarət kişi qrupu ikinci yeri tutmuşdur. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, onlar finalda sürət təmrinlərinə görə 14.300 bal toplamışlar. Rusiya akrobatları 14.750 bal toplayaraq turnirin qalibi olmuşlar.
Mayın 21-də bu şəhərdə idman akrobatikası üzrə XIX dünya çempionatı başlayacaqdır. Qrup yarışlarında Elşən Seyfullayev, Nemət Ağayev, Elnur Məmmədov və Rəşad Sadıqov dördlüyü, eləcə də Rəzzaq Babayev və Əlibəy Hüseynovdan ibarət kişi cütlüyü çıxış edəcəkdir. Yarışların ilk günündə onlar sürət və tarazlılıq təmrinlərini, ikinci günü isə qarışıq təmrinləri yerinə yetirəcəklər. Final mərhələsinə çıxmaq üçün onlar 8 ən yaxşı komanda sırasına düşməlidirlər.
Dünya çempionatına 21 ölkədən idmançılar gəlmişlər. Fransada proqramın bütün növləri üzrə çıxış edəcək Rusiya idmançıları qələbəyə əsas namizəd sayılırlar.