ELM VƏ TƏHSİL
AZƏRBAYCAN ALİMİNİN UĞURLARI RUSİYADA YÜKSƏK QİYMƏTLƏNDİRİLMİŞDİR
Texnika elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin “Riyazi-iqtisadiyyat və iqtisadi-ekoloji sistemlərinin modelləşdirilməsi” kafedrasının müdiri, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Əli Nağıyev Rusiya Federasiyasının Metrologiya Akademiyasının həqiqi üzvü (akademiki) seçilmişdir.
Aprelin 16-da BDU-da Rusiyanın tanınmış elm xadimləri tərəfindən akademiyanın üzvlük diplomunun alimə təqdim olunması mərasimi keçirilmişdir.
Rusiya Federasiyası Metrologiya Akademiyası Rəyasət Heyətinin üzvü, Rusiyanın əməkdar elm xadimi, texnika elmləri doktoru, professor Andrey Qorodski və Sankt-Peterburq Dövlət Kosmik Cihazqayırma Universitetinin kafedra müdiri, professor Aleksandr Konovalov Əli Nağıyevin elmi sahədə qazandığı uğurlardan danışaraq, bu uğurların Rusiyanın elmi ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildiyini bildirdilər. Sonra qonaqlar Ə.Nağıyevə RF Metrologiya Akademiyasının həqiqi üzvü (akademiki) diplomunu təqdim etdilər.
Mərasimdə cıxış edən BDU-nun müəllim və tələbələri Əli Nağıyevin həm alim, həm də nazir kimi fəaliyyətindən söhbət açdılar.
Sonra Ə.Nağıyev onun əməyinə verilən yüksək qiymətə görə RF-nin Metrologiya Akademiyasına, Rusiyadan gəlmiş qonaqlara, bütün tədbir iştirakçılarına öz təşəkkürünü bildirdi.