RƏSMİ XRONİKA


AZƏRBAYCAN-ÇİN MÜNASİBƏTLƏRİ YÜKSƏK SİYASİ ETİMAD SƏVİYYƏSİNDƏDİR
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV ÇİN XALQ RESPUBLİKASI XARİCİ İŞLƏR NAZİRLİYİNİN NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR

Azərbaycan Prezidenti Heydər Əliyev aprelin 10-da Prezident sarayında Çin Xalq Respublikası xarici işlər nazirinin müavini Lyu Quçan başda olmaqla nümayəndə heyətini qəbul etmişdir.

Dövlətimizin başçısı HEYDƏR ƏLİYEV qonaqları salamlayaraq bildirdi ki, Azərbaycanla Çin arasında münasibətlər yüksək səviyyədədir. Biz fəal əməkdaşlıq edir və bir-birimizi dəstəkləyirik. Son illər Çində mühüm iqtisadi islahatlar aparılmışdır və bu, Azərbaycan üçün böyük maraq doğurur. Çinin işgüzar dairələri bizim neft sənayemizə maraq göstərirlər və Azərbaycan da istəyir ki, Çin ölkəmizin iqtisadi həyatında daha fəal iştirak etsin.

Azərbaycan Prezidenti Çin haqqında, 1994-cü ildə rəsmi səfəri zamanı keçirdiyi görüşlər haqqında təəssüratlarını xatırladı, Çin nümayəndə heyətinin də Azərbaycanla, mədəniyyətimizlə və xalqımızla tanış olmağa vaxt tapmasını arzuladı.

Cənab LYU QUÇAN səmimi qəbula görə təşəkkür etdi və ÇXR sədri Xu Szintaonun, Mərkəzi Hərbi Şuranın sədri Szyan Szeminin salamını və xoş arzularını Azərbaycan Prezidentinə yetirdi. Qonaq 1996-cı ildə Azərbaycan paytaxtına səfərindən sonra Bakıda böyük dəyişikliklər baş verdiyini, əhalinin rifahının yüksəldiyini söyləyərək dedi ki, ölkədə siyasi sabitlik, insanların çöhrəsində gələcəyə inam var. Çin diplomatı vurğuladı ki, bütün bunlar Azərbaycan Prezidenti Heydər Əliyevin apardığı siyasət sayəsində mümkün olmuşdur. “Sizin rəhbərliyinizlə Azərbaycan ilə Çin arasında münasibətlər yüksək səviyyədə inkişaf edir”. Qonaq Azərbaycan Prezidentinin Çinə səfərinin əhəmiyyətindən danışaraq bildirdi ki, yüksək siyasi etimad səviyyəsində olan indiki ikitərəfli münasibətlər o vaxt imzalanmış birgə Bəyanatın və razılaşmaların müddəalarına müvafiq surətdə inkişaf edir. Çin ikitərəfli əlaqələrin səviyyəsindən məmnundur.

Cənab Lyu Quçan vurğuladı ki, Çin Azərbaycanın öz suverenliyinin, ərazi bütövlüyünün qorunmasına yönəldilmiş səylərini, Prezident Heydər Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli sahəsindəki fəaliyyətini, habelə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini dəstəkləyir. Diplomat dedi ki, Azərbaycan da Çinin ərazi bütövlüyü ilə bağlı məsələlərdə ona dəstək verir. Buna görə o, Çin tərəfi adından Azərbaycan Prezidentinə təşəkkürünü bildirdi, Azərbaycan-Çin əlaqələrini bütün sahələrdə genişləndirməyin zəruriliyini vurğuladı.

Prezident Heydər Əliyev dedi ki, ölkəmizin iqtisadiyyatının müxtəlif sahələrinə sərmayələr qoyacaq Çin şirkətləri böyük fayda götürəcəklər. Dövlətimizin başçısı Azərbaycanın öz suverenliyini qoruması məsələsində Çinin müxtəlif beynəlxalq təşkilatlarda, o cümlədən BMT Təhlükəsizlik Şurasında qəti mövqe tutduğunu, Ermənistanın Azərbaycana qarşı təcavüz etməsi faktını tanıdığını söylədi və bütün bunlara görə Çin rəhbərliyinə dərin minnətdarlığını bildirdi. Prezident Heydər Əliyev dedi ki, Azərbaycan da Çinin öz suverenliyini qorumaq, separatizmlə mübarizə sahəsindəki səylərini dəstəkləyir. Azərbaycan Prezidenti bəyan etdi ki, Tayvan məsələsi Çinin xeyrinə həll olunmalıdır.

Dövlətimizin başçısı Çin tərəfinin bu ölkəyə səfər etmək, Çin-Azərbaycan münasibətlərinin inkişafının müxtəlif cəhətlərini yeni rəhbərliklə müzakirə etmək barədə dəvətini qəbul etdi.

Qəbulda Prezidentin Katibliyinin rəisi Dilarə Seyidzadə, Prezidentin İcra Aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, Çinin Azərbaycandakı sədri Çjan Siyun iştirak edirdilər.

AZƏRTAC

Foto Oqtay Aydınoğlunundur

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin