SİYASƏT
“AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI” KİTABI ÇAP OLUNMUŞDUR
Azərbaycan diaspor quruculuğunun öyrənilməsi üçün mühüm mənbə sayılan “Azərbaycan diasporuna dövlət qayğısı” kitabı çap edilmişdir.
Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin məlumatında deyilir ki, kitab Prezident Heydər Əliyevin dünya azərbaycanlılarının gələcəyi, onların hüquqlarının qorunması, azərbaycançılıq ideyasının dövlət siyasəti səviyyəsinə qaldırılması istiqamətində yorulmadan gördüyü işlərdən, ölkəmizin başçısının dünyanın müxtəlif guşələrində yaşayan azərbaycanlılara gündəlik qayğı və diqqətindən bəhs edir.
Bu nəşrdə Heydər Əliyevin 1993-cü ildən başlayaraq xarici ölkələrə səfərləri zamanı orada yaşayan azərbaycanlılarla görüşləri, həmin ölkələrdə Azərbaycan diasporunun yaradılması istiqamətində gördüyü işlər, xaricdə yaşayan azərbaycanlılarla bağlı qanun və fərmanlar, eləcə də dünya azərbaycanlılarının I qurultayında qəbul olunmuş sənədlər və müraciətlər də öz əksini tapmışdır.
Fundamental əhəmiyyətinə, öz əhatə dairəsinə görə zəngin salnamə olan bu kitabın təqdimatı mayın 30-da Türkiyənin İzmir şəhərində Azərbaycan Prezidenti Heydər Əliyevin 80 illik yubileyi münasibətilə keçiriləcək mərasimdə olacaqdır.