SİYASƏT
AZƏRBAYCAN DİASPORUNUN TƏŞKİLATLANMASI DAVAM EDİR
Komitənin sədri Nazim İbrahimov aprelin 17-də Almaniyanın paytaxtı Berlin şəhərində keçirilmiş təsis konfransı haqqında məlumat vermiş, əmin olduğunu bildirmişdir ki, Avropa Azərbaycanlıları Konqresi Avropa qitəsindəki diaspor təşkilatlarımızın möhkəmlənib mətinləşməsində böyük rol oynayacaqdır.
Komitə sədri demişdir ki, konqres Almaniyada dövlət qeydiyyatından keçəcəkdir və mənzil-qərargahı Berlin şəhərində olacaqdır. Konqres qeyri-hökumət təşkilatı kimi fəaliyyət göstərəcək və komitə qurumun işinə müdaxilə etməyəcəkdir. Konqresin sədri seçilmiş Bahəddin Qaya Türkiyənin İqdır vilayətində doğulmuşdur, əslən azərbaycanlıdır.
Nazim İbrahimov, həmçinin bildirmişdir ki, soydaşlarımızın təşkilatlanması dönməz xarakter almışdır. Artıq Türkiyənin 15 vilayətində dərnəklər yaradılmışdır və proses davam edir. Çox güman ki, may ayında Ceyhan şəhərində Türkiyə Azərbaycanlılarının Federasiyası təsis olunacaqdır. Sonra növbə Amerikada yaşayan soydaşlarımızındır. Konqres və federasiyaların yaranması Dünya Azərbaycanlıları Konqresinin (DAK) parçalanması demək deyildir. Həmin qurumlar diaspor təşkilatlarının fəaliyyətini əlaqələndirməyi asanlaşdırır, bu işin səmərəsini artırır. Məhz buna görə də DAK sədri Cavad Heyət Avropa Azərbaycanlıları Konqresinin təsisiçilərindəndir. Yeri gəlmişkən, Konqresin təsis protokolu açıqdır və istənilən diaspor təşkilatımız ona qoşula bilər.
Komitənin sədri xatılatmışdır ki, bütün ölkələrdəki türk və Azərbaycan icmaları sıx əlaqə saxlayır və əlbir fəaliyyət göstərirlər. Bu, Azərbaycan həqiqətlərinin yayılmasında, erməni lobbisinin qərəzli anti-türk fəaliyyətinin zərərsizləşdirilməsində mühüm rol oynayır.