AZƏRBAYCAN İLƏ GÜRCÜSTAN ARASINDA BÜTÜN SAHƏLƏRDƏ ƏLAQƏLƏRİN MÖHKƏMLƏNDİRİLMƏSİ HƏR İKİ ÖLKƏNİN MƏNAFELƏRİNƏ UYĞUNDUR
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV GÜRCÜSTAN DİN-İN NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR
AzerTAg.az
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 1-də Prezident Sarayında Gürcüstanın daxili işlər naziri Giorgi Baramidze başda olmaqla nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı İLHAM ƏLİYEV qonaqları səmimiyyətlə salamlayaraq dedi ki, ölkəmizin Daxili İşlər Nazirliyində, digər qurumların rəhbərləri ilə görüşləriniz barədə məlumatım var. Çox xoşdur ki, ölkələrimizin hüquq mühafizə orqanları arasındakı ənənəvi sıx qarşılıqlı münasibətlər davam edir. Mənim Gürcüstan Prezidenti Mixail Saakaşvili ilə həm onun Azərbaycana səfəri çərçivəsində, həm də beynəlxalq konfransda bir neçə görüşüm olubdur. Elə ilk görüşdən bizim aramızda yaxşı qarşılıqlı anlaşma, dostluq və qardaşlıq münasibətləri yaranmışdır. Ölkələrimiz bir-birinə həmişə kömək göstərmişlər, həmişə dostluq etmişlər, birlikdə olmuşlar. Əlbəttə, burada dövlət başçılarının şəxsi qarşılıqlı münasibətlərindən də çox şey asılıdır. Müxtəlif qurumların rəhbərlərinin münasibətləri də prezidentlər arasındakı münasibətlər kimi olmalıdır. Biz çox çalışırıq ki, yeni rəhbərliklə aramızda bütün səviyyələrdə - iqtisadiyyat, siyasət, təhlükəsizliyin təmin edilməsi sahəsində yaxşı əlaqə və ünsiyyət olsun. Artıq hökumətlərarası komissiya yaradılmışdır. Əvvəllər belə bir komissiya yox idi. O, iqtisadi əlaqələrlə bilavasitə məşğul olacaqdır.
Ölkələrimizin və ümumən, regionun təhlükəsizliyini təmin etmək üçün hüquq mühafizə orqanlarımızın əməkdaşlığı çox vacibdir. Bizim ölkələrimiz Cənubi Qafqazın mühüm hissəsini təşkil edir və regional inkişafdan, kommunikasiyaların inşası və istismarından, eləcə də bu zaman təhlükəsizliyin nə dərəcədə təmin olunmasından da çox şey asılıdır.
Əminəm ki, Bakıda keçirdiyiniz görüşlərin bu baxımdan mühüm rolu olacaqdır. Xahiş edirəm, Mixail Nikolayeviçə yeni görüşlər ümidi ilə böyük salamımı yetirin.
Gürcüstanın daxili işlər naziri GİORGİ BARAMİDZE səmimi qəbula görə dövlətimizin başçısına təşəkkür etdi.
Prezident Mixail Saakaşvilinin qardaş salamını Azərbaycan Prezidentinə yetirdi, münasib vaxtda Gürcüstana dostluq səfərinə gəlmək barədə rəsmi dəvət məktubunu təqdim edərək dedi ki, o, Sizinlə keçirdiyi görüşləri həmişə böyük məhəbbətlə və səmimiyyətlə xatırlayır. Nəinki iki qardaş dövlətin prezidentləri arasında təşəkkül tapan və xalqlarımızın strateji mənafelərindən irəli gələn qarşılıqlı münasibətlər, həm də yeni nəsil liderlərinin – eyni cür düşünən və dünyaya eyni nəzərlə baxan, təbii olaraq, öz xalqlarının mənafeləri qeydinə, bir-biri ilə çox sıx çulğalaşmış Gürcüstanın və Azərbaycanın talelərinin qeydinə eyni dərəcədə qalan liderlərin sırf insani əlaqələri xüsusi əhəmiyyətə malikdir.
Bu gün mən dahi insanın – Heydər Əliyevin məzarını ziyarət etməkdən iftixar hissi duydum. 1997-ci ildə mənə onunla görüşmək, onun əlini sıxmaq şərəfi nəsib olmuşdur. O vaxt mən “Gürcüstan Vətəndaş İttifaqı” partiyasında Eduard Amvrosiyeviçin müavini idim və Yeni Azərbaycan Partiyasının qurultayına gəlmişdim. Yeni Gürcüstanın və yeni Azərbaycanın belə sıx əməkdaşlıq etməsi üçün məhz bu iki böyük siyasətçi mümkün olan bütün işləri görmüşlər. Ölkəmizin yeni və keçmiş rəhbərliyi arasında müəyyən siyasi ziddiyyətlər olmasına baxmayaraq, Gürcüstanın və Azərbaycanın münasibətlərində biz əsası Eduard Amvrosiyeviç tərəfindən qoyulmuş dostluq, qardaşlıq, strateji tərəfdaşlıq siyasətini davam etdiririk. Gürcüstan Prezidenti dəfələrlə vurğulamışdır ki, o, Sizinlə yaranmış qardaşlıq münasibətlərinə görə çox fəxr edir, çox sevinir.
Söhbət zamanı bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Qəbulda Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov, Gürcüstanın Bakıdakı səfiri Zurab Qumberidze iştirak edirdilər.
Xəbərin mətnində orfoqrafik səhv var